Siyasət

Bakıda məhkəmə Q.İbadoğlunu əmlak girovu müqabilində azadlığa buraxmayıb

Oktyabrın 26-da Bakının Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun girov müqabilində azad edilməsi haqqında vəsatəti təmin etməyib.

“Biz səhhətindəki ciddi problemlərlə əlaqədar Qubad İbadoğlunun həbsdən azad edilməsi haqqında vəsatət qaldırdıq”, deyə vəkil Zibeydə Sadıqova Turan-a bildirib.

Qubad İbadoğlu II növ şəkərli diabet xəstəsidir və həbs edildikdən sonra xəstəliyi irəliləyir. Dərmanın dozasının artırılması nəticə vermir. Son həftələr ərzində qanda şəkər səviyyəsi 360 mmol/l-ə çatıb. Oktyabrın əvvəllərindən İbadoğluna 12 vahid dozasında insulin təyin edilib və vaxtaşırı dozanı artırıblar. Bu gün ona 18 vahid vurulur, lakin şəkər səviyyəsini normallaşdırmaq mümkün olmur, deyə vəkil qeyd edib.

Şəkərin yüksək səviyyədə olması digər orqanlarına – gözünə və böyrəklərinə də mənfi təsir göstərir. Bundan başqa, həkimlər orqanizmin susuz qaldığını bildiriblər.

Oktyabrın 13-də İbadoğlu Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçib, lakin indiyədək həkimlər müalicə təyin etməyiblər.

Müdafiə tərəfi məhkəmədən onu əmlak girovu müqabilində azadlığa buraxmağı xahiş edib ki, o, azadlıqda səhhətini düzəldə bilsin.

“Təəssüf ki, vəsatətimiz növbəti dəfə təmin olunmayıb. Biz məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyik”, deyə vəkil bildirib.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN-dən İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildiriblər.

Avqustun 25-də ona qarşı daha bir ittiham – “dini ekstremist materialları hazırlama, saxlama və ya yayma” ittihamı rəli sürülüb.

Qubad İbadoğlu ittihamları təkzib edir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti İbadoğlunun təqibi ilə əlaqədar Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bənzər yazılar

Back to top button