Dünya

Kadırovun yenidən Kiyevi tutmaq hədəsi nəyə hesablanıb?

Mətbuatın yazdğına görə, Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya ordusunun yenidən Kiyev şəhərinə hücum edəcəyini bildirib.

Kadırov deyib ki, Rusiya ordusu təkcə mühasirədə olan Maripula deyil, Kiyev və digər şəhərlərə də hücum edəcək: “İlk növbədə Luqansk və Donetski azad edəcəyik, sonra Kiyev və başqa şəhərləri də götürəcəyik”.

Çeçenistan rəhbəri bildirib ki, Kiyev barədə heç bir şübhə olmamalıdır: “Sizi əmin edirəm, bir addım da geri atılmayacaq”.

Adətən Rusiya rəsmiləri içərisində daha çox məhz R.Kadırov belə avantürist çıxışlarıyla yadda qalır. Bir müddət əvvəl o, özünün guya Mariupulda olduğunu bəyan etmişdi. Sonradan onun bu açıqlamasının yalan olduğu üzə çıxdı. O ki, qaldı Rusiya ordusunun yenidən Kiyevə hücum edəcəyi barədə son açıqlamasına, Kadırovun burada da yalan danışdığı birmənalıdır. Belə ki, Kiyevi tutmaq istəyən və onun həndəvərində olan ordu nədən onda bir həftə öncə oradan öz qoşunlarını geri çəkir? Aydındır ki, Rusiya əsas itkiyə məhz Kiyev ətrafında gedən döyüşlərdə məruz qalıb. Burada o bir aylıq mübarizədə heç bir məqsədinə nail ola bilməyib. Onun nəticəsi olaraq da, həmin ərazidən, ümumiyyətlə Ukraynanın şimal və şimal-şərqindən Rusiya oz qoşunlarını çıxarmalı olub. Bu fonda açıq şəkildə bəllidir ki, Kadırovun dedikləri həqiqəti əks etdirmir. Onda Kadırov niyə yalan danışır?

Görünür, Kadırov da Putin kimi, Kiyev uğursuzluğunu həzm edə bilmir. Ona görə də real olmayan fikirlər səsləndirir. Belə açıqlamaları ilə Kadırov ola bilsin həm də Rusiya ordusunda müşahidə edilən inamsızlığa son qoymaq istəyib. Belə ki, müharibənin bu günə qədər davam edən hissəsi Rusiya üçün acınacaqlı olub. Onlar Ukraynada canlı qüvvə və texnika baxımından böyük itkilərə məruz qalıb. Bu isə dünyanın ikinci böyük ordusunda ruh düşkünlüyü yaradıb. Çeçenistan liderinə də bu fonda Kreml tərəfindən ola bilsin yenidən pafoslu çıxışlar edərək, həmin ruh düşkünlüyünə son qoymaq tapşırığı verilib.

Qaynarinfo.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button