İqtisadiyyat

Məhv edilən İnstitutda şübhəli satınalmalar

Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən təşkilatlardan ən çox medianın gündəmini zəbt edən Zoologiya İnstitutudur. Zoologiya İnstitutu bir müddət öncə, sifarişçi olduğu satınalmada ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimlinin təsisçisi olduğu – “Servis və Supley Ltd” və “Aysberq KMT” MMC-lərin qalib olması ilə diqqəti özünə çəkmişdi.

Belə ki, ötən aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub. AMEA-nın tenderlərində qalib olan “Aysberq KMT” MMC və “Servis və Supley Ltd” MMC-lərin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.

Zoologiya İnstitutunun direktor müavini təsisçi olduğu şirkətlərlə AMEA-nın qurumlarında satınalmaların qalibi olduqdan sonra mediada adı hallanandan sonra şirkətin qanuni təmsilçiliyindən ötən ilin may ayının 8-də ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə “Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”-da yerləşir.

Kəmalə Rasimli

Maraqlı məqam budur ki, MEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini olan Kəmalə Rasimli eyni zamanda İnstitutun baş meneceri vəzifəsini də daşıyır.

Digər bir məqam isə Kəmalə Rasimlinin Zoologiya İnstitunun sifarişçi olduğu satınalmalarda baş menecer olaraq tender komissiyasında kimi iştirak etməsidir.

İddialara görə isə Zoologiya İnstitutunun sifarişçi olduğu satınalmalarda baş verən bütün proseslərin arxasında İnstitutun direktor əvəzi Ələddin Eyvazov dayanır. Əvvəllər Kənd Təsərrüfatı Nazirliyində çalışan Ə.Eyvazovun Ramiz Mehdiyevin yaxın kadrlarından olduğu deyilir. Belə ki, R. Mehdiyev kürəkəninin qardaşı Fikrət Əliyevi AMEA-nın işlər idarəsinə gətirdikdən sonra Ələddin Eyvazovun da KTN-dən işindən ayrılaraq AMEA-nın İşlər İdarəsinə müdir müavini təyin edilib.

Ələddin Eyvazov

Bir müddət orada çalışdıqdan sonra Ə.Eyvazov Zoologiya İnstitutuna direktor əvəzi təyin edilib. Bundan sonra isə Kəmalə Rasimlinin təsisçisi olduğu MMC AMEA-nın İşlər İdarəsinin sifarişçi olduğu satınalmada qalib elan edilib.

Qeyd edilir ki, hazırda Zoologiya İnstitutunda vəziyyət çox ağırdır. İllərlə bu İnstituta ayrılan vəsait müxtəlif şəxslər tərəfindən mənimsənilib.

Ələddin Eyvazovun Zoologiya İnstituna rəhbərlik etdiyi dövrdən – 2020-ci ilin noyabr ayında indiyədək Zoologiya İnstitutuna kifayət qədər vəsait ayrıldığı, ancaq bu vəsaitlərin aidiyyatı üzrə xərclənmədiyi, müxtəlif yollarla mənimsənildiyi bildirilir.

Zoologiya İnstitutundan səslənən iddalara cavab ala bilmədik.

Qlobal.az

Bənzər yazılar

Back to top button