AnalitikaİqtisadiyyatManşet

Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları qarşısında tab gətirə biləcəkmi?

Fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayan və bu gün də hərbi əməliyyatları davam etdirən dünyanın nəhəng dövlətlərindən biri olan Rusiya Federasiyasının iqtisadiyyatı çətin günlərini yaşayır.

Təbii ki, burada müharibə aparan dövlətin böyük məbləğdə hərbi xərcləri ilə yanaşı, Avropa İttifaqı üzvləri başda olmaqla bir çox Qərb dövlətlərinin Kremli çəkindirmək üçün atdığı addımlar da çoxsaylı iqtisadi çətinlikləri özü ilə gətirdi.

Belə ki, Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya bir sıra sanksiyalara məruz qaldı:

• fərdi sanksiyalar;

• iqtisadi sanksiyalar;

• diplomatik tədbirlər;

• media məhdudiyyətləri;

• Krım və Sevastopolla, bununla yanaşı, Donetsk və Luqansk vilayətlərinin Ukrayna hökumətinin nəzarətində olmayan ərazilərlə iqtisadi əlaqələrə məhdudiyyətlər;

• iqtisadi əməkdaşlığa məhdudiyyətlər.

Bunun nəticəsində Rusiyanın 877 nəfər vətəndaşı səyahət qadağasına və 62 qurum aktivlərinin dondurulması kimi sanksiyalara məruz qalıb. İqtisadi sanksiyalar maliyyə, kommersiya, enerji, nəqliyyat, texnologiya və müdafiə sektorlarına da ciddi zərbə vurub.

Məsələn, maliyyə sektoru aşağıdakı ciddi sanksiyalarla üzləşib:

• bəzi Rusiya banklarının və şirkətlərinin Avropa İttifaqının əsas və ikinci dərəcəli sərmayə bazarlarına çıxışının məhdudlaşdırılması;

• Rusiya və Belarus Mərkəzi Bankları ilə əməliyyatların qadağan edilməsi;

• bəzi Rusiya və Belarus banklarının SWIFT sistemindən çıxarılması;

• Rusiyaya və Belarusa avro əskinaslarının transferinin qadağan edilməsi;

• Rusiyada bütün növ dövlət maliyyələşdirmələri və ya investisiyaların qadağan edilməsi;

• Rusiya Birbaşa İnvestisiya Fondu tərəfindən maliyyələşdirilən layihələrə sərmayə qoyaraq, onlara ortaq olmaq və əməkdaşlıq etmək qadağası.

Enerji sektorunda qadağalar aşağdakılardan ibarət olub:

• Emalda istifadə olunan mal və texnologiyaların Rusiyaya ixracına qadağanın qoyulması;

• Rusiyanın enerji sektoruna yeni investisiyaların qoyulmasının qadağan edilməsi.
Nəqliyyat sektoru da bu sanksiyalardan öz payını alıb:

• Avropa İttifaqı (Aİ) hava məkanının Rusiyaya aid, həmçinin qeydiyyatı Rusiyada olan bütün təyyarələr üçün bağlanması;

• Rusiyaya dəniz naviqasiyası və radiokommunikasiya texnologiyalarının ixracının qadağan olunması.

Müdafiə sahəsində də bir sıra qadağalar tətbiq edilib:

• ölkənin müdafiə və təhlükəsizlik imkanlarını gücləndirmək üçün istifadə edə biləcəyi ikili təyinatlı məhsulların və texnologiyaların Rusiyaya ixracına qadağa qoyulması;

• silah ticarətinin qadağan edilməsi.

Metallurgiya sənayesinə gəlincə, bu sanksiyalara Rusiyaya dəmir və polad ixracına qadağa qoyulması daxildir.

Təbii ki, Rusiyaya dəbdəbəli malların ixracına da qadağa qoyulub.

Bəs görəsən, sanksiyaların tətbiqindən sonra dünyada ən çox sanksiyaya məruz qalan ölkəsi olan İranı “qabaqlayan”

Rusiya iqtisadiyyatı qadağalara necə reaksiya verdi?

Əvvəla, birmənlı olaraq demək olar ki, hansısa sahələrə ciddi sanksiyalar tətbiq edilib-edilməməsindən asılı olmayaraq, bu qadağalar bütün Rusiya iqtisadiyyatında özünü tam şəkildə biruzə verir. Belə ki, cari ilin martın 7-də rublun məzənnəsi bir dollar üçün rekord həddə – 154 rubla düşdü. Hazırda rubl bir qədər güclənib, lakin bu, Rusiya hökumətinin kapitala aqressiv nəzarət siyasətinin və idxalın kəskin azalmasının nəticəsidir. Bu durum, uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatını daha da zəiflədəcək (rublun həddindən artıq möhkəmlənməsi Rusiyadakı ixracatçılar üçün sərfəli deyil və artıq razılaşmaların pozulmasından qıcıqlanan Qərb hökumətləri, enerji resursları üçün alternativ tədarükçü axtarışını daha da intensivləşdiriblər).

Tətbiq olunmuş sanksiyaların ağır nəticələrinə görə çarəsiz qalan dövlət başçısı Vladimir Putin neft, qaz və kömür satışının rublla həyata keçirilməsi haqqında fərman imzaladı. Ödənişlərin “Qazprom” Bankı vasitəsilə aparılması nəzərdə tutulur ki, həmin bank, SWIFT sistemi sanksiyasından kənarda qalan iki Rusiya bankından biridir.

Təbii olaraq ölkəyə tətbiq edilən sanksiyalardan Rusiyanın sadə təbəqəsi daha çox əziyyət çəkməyə başlayıb. Belə ki, mağazalarda müşahidə olunan boş rəflər və şəkər tozu üstündə “vuruşma”lar bunu sübut edir. Bəzi məhsulların qiyməti (xüsusilə də məişətdə istifadə olunan kimyəvi maddələr) bir neçə həftə ərzində beş dəfə artıb. Xarici xammal tədarükünün çatışmazlığı səbəbindən avtomobillərin istehsalı artıq dayandırılıb. Bununla yanaşı, tətbiq edilən sanksiyalar xarici məhsullardan asılı olan kənd təsərrüfatına da ciddi təsir edəcək.


Rusiya Federasiyasının pensiya fondunun problemləri

Bundan əlavə, bir çox xarici şirkətin tərk etdiyi Rusiyada yaranan iqtisadi böhran hal-hazırda ölkənin ən kasıb təbəqəsini, o cümlədən pensiyaçıları və təqaüdçüləri də vurmaqdadır. 30 mart 2022-ci ildə bununla bağlı bir məqalə (https://echo-ua.media/pochemu-takaya-malenkaya-pensiya-shokiruyushhij-otvet-sotrudnikov-pfr/) dərc edilib. Həmin materialdan aydın olur ki, bir çox Rusiya vətəndaşı ya ümumiyyətlə, pensiya almır, ya da almalı olduğu məbləğ xeyli azaldılıb. Belə bir qəribə vəziyyət onsuz da cüzi məbləğdə pensiya alan təqaüdçüləri bərk narahat edib. Rusiya Federasiyasının Pensiya Fondunun (RFPF) əməkdaşıları isə bu addımdan təşvişə düşmüş pensiyaçılara bu cür cavablar verir:

– “Sistem məbləği belə hesablayıb”;

– “Stajın təsdiqlənməmiş dövrləri var”;

– “Hamı bu qədər alır.”

Bundan əlavə, 31 mart 2022-ci ildə Rusiya Federasiyasının Pensiya Fondunun əməkdaşlarından biri, bir neçə redaksiyaya Fondun əməkdaşlarına ünvanlanmış daxili yazışmaların ekran görüntülərini göndərib. Bu yazışmalar açıq şəkildə göstərir ki, Fondun ciddi maliyyə problemləri var.

Beləliklə, görünən odur ki, Ukraynaya müdaxilənin Rusiyaya iqtisadi zərərləri, müharibənin nəticəsindən asılı olmayaraq, ölkənin hərbi sahədə itkiləri, dünyada mənfi imic qazanmasından qat-qat çox olacaq. Hələ başlanğıc mərhələsində olan iqtisadi böhranın fəsadları yəqin ki, bir neçə ay sonra özünü kəskin formada göstərəcək.

Orxan Məmmədli, iqtisadçı ekspert

Mənbə: musavat.com

Bənzər yazılar

Back to top button