Hadisə

Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib

Şirvan Apellyasiya Məhkəməsi Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin sabiq müdiri Fazil Əliyevlə bağlı qərar elan edib.

Hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2021-ci ilin aprelində Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1 000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad Rayon Prokurorluğuna müraciəti daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinatoru həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVID-19) yoluxan şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1 000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

Toplanan material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, F.Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan mərhum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.(report)

Bənzər yazılar

Back to top button