GündəmManşetSiyasət

Azərbaycan və Ermənistan arasında bu il də sülh sazişi olmayacaq?

Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən Ermənistanla sülh danışıqlarına da toxunub. Prezidentin sözlərinə görə, Ermənistanın Müstəqillik haqqında Bəyannaməsində Qarabağın bu ölkəyə birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistan Konstitusiyasında əksini tapıb. O vurğulayıb ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Ermənistanda isə artıq Konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələr başlayıb. Baş nazir Nikol Paşinyan ölkəsinin tamamilə yeni konstitusiyaya ehtiyacı olduğunu deyib. O izah edib ki, regionda yaranmış yeni geosiyasi mühitdə bu, olduqca mühüm məsələdir.

Ermənistan müxalifəti isə bunu belə yozur ki, “Paşinyan Türkiyə və Azərbaycanın saysız-hesabsız tələblərindən daha birini qəbul etmək üçün zəmin hazırlayır”.

Bu müzakirələrin nə ilə bitəcəyi hələ bilinmir. Amma bundan əvvəl də danışıqlar boyu tərəflərin dilindən bir sıra başqa şərtlər eşidilib. Məsələn, Azərbaycan rəsmiləri hesab edirlər ki, ölkənin qalan ərazilərini Naxçıvanla birləşdirəcək “Zəngəzur dəhlizi” (Ermənistanın Sünik bölgəsindən keçəcəyi gözlənən yol) gerçəkləşməlidir. Üstəlik, Azərbaycan rəsmiləri vurğulayıb ki, 2020-ci ildə üç ölkə – Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, onun təminatçısı qismində Rusiya silahlı qüvvələri iştirak etməlidir.

Ermənistan rəsmiləri isə, bir qayda olaraq, deyirlər ki, yol yalnız ölkənin suverenliyi əsasında fəaliyyət göstərə bilər.

Yeni şərtlər sülh razılaşmasını daha da yubada bilərmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu hesab edir ki, ictimaiyyət əvvəldən sülh sazişi ilə bağlı lazımi olmadığı qədər optimist olub.

O, Turana açıqlamasında bildirib ki, danışıqları aparan ali səviyyəli diplomatlar və siyasilər yeni tələb kimi qiymətləndirilən məsələləri elə əvvəlcədən sülh masasının üzərinə qoyublar: “Sülh danışıqları məxfi aparılır və görünür ki, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişməsi ilə bağlı mövqeyi əvvəlcədən qəti şəkildə olub. Sadəcə bu informasiyanın ictimaiyyələşməsi bir qədər gec olduğuna görə bizə elə gəlir ki, sonradan yeni tələblər ortaya çıxıb”.

Deputatın fikrincə, sülh danışıqlarını çətinləşdirən ikinci mühüm faktor Ermənistanın müstəqil olmamasıdır: “Azərbaycan Prezidenti yerli medialara müsahibəsində çox maraqlı siyasi düstur ifadə etdi – “Ermənistan +” termini işlətdi. Bu, Ermənistan və başqa ölkələr deməkdir. Belə olanda əlbəttə ki, sülhü əldə etmək mümkün olmayacaq. Ermənistandan kənar iradə müdaxilə etdikcə, sülhün nail olmasına imkan verməyəcəklər”.

H.Babaoğlu hesab edir ki, Prezident İlham Əliyevin yerli mətbuata son açıqlamasından sonra Azərbaycanın mövqeyi tam aydındır: “Əgər danışıqlar aparılacaqsa, sülhə yaxınlaşacayıqsa, mütləq ilk növbədə sərhədlərin delimitasiyasında Azərbaycanın və Ermənistanın qəbul etdiyi bir xəritə olmalıdır ki, bu proses irəliləsin. Nə qədər ki, konkret xəritə üzərində razılıq əldə olunmayıb sülhdən danışmaq bir qədər tez olacaq”.

O, qeyd edib ki, bu, 1969-cu ilə qədər xəritə materialları olmalıdır: “Çünki ermənilər 1920-ci ildən 1969-cu ilə qədər olan dövrdə qeyri-qanuni əldə etdikləri bütün torpaqları 1969-cu ildən sonra xəritələşdiriblər. Azərbaycan da bunları qəbul etmir və Azərbaycanın haqlı olaraq irəli sürdüyü qanuni xəritələr yalnız 1919-20-ci illərin xəritələrdir”.

Amma deputatın fikrincə, pessimist də olmaq lazım deyil: “Yəqin ki, 2024-cü ilin sonlarına qədər artıq “Ermənistan +” görəcək ki, regionda nələr baş verir və yalnız bundan sonra sülhlə bağlı bir mövqeyə gələ bilər. Azərbaycan isə sülhə həmişə hazırdır və buna nail olmasına hamıdan çox istəyir”.

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna deyib ki, əvvəlki verilən optimist bəyanatlara rəğmən, sülh müqaviləsinin imzalanması reallaşmır: “Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz bölgəsində çox ciddi geosiyasi dəyişikliklərə gətirəcək. Bu səbəbdən də sülh müqaviləsinin imzalanmasında vasitəçilik təşəbbüsləri uğrunda kollektiv Qərblə Moskva arasında yarış gedir. Elə vaxt gəlib çatıb ki, bütün bu gizli oyunlar açıq müstəviyə çıxıb”.

“Azərbaycan tərəfinin haqlı iddiasına görə, Ermənistanın Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiası var. Yəqin ki, referendum olacaq. Ermənistan xalqı dəyişikliyə səs verməsə, sülh müqaviləsinin imzalanmaması tamamilə mümkündür”, – o, sözlərinə əlavə edir.

Bununla belə, Ə.Oruclunun sözlərinə görə, sülh müqaviləsinin qarşısında görünməyən bir maneə də var: “Bu maneə Rusiyadır. Rusiya sülh prosesini uzatmağa, pozmağa çalışır. Ona görə yox ki, sülh müqaviləsi imzalanmasın, ona görə ki, bu müqavilə məhz Moskvanın vasitəçiliyi ilə imzalansın. Moskva sülhə təminatçı rolu adı altında bölgəyə hərtərəfli, müxtəlif ərazilərə öz hərbi kontingentini yerləşdirsin”.

Politoloq bu il də sülh müqaviləsinin bu şərtlər içərisində imzalanmasını gözləmədiyini qeyd edib.

Bənzər yazılar

Back to top button