GündəmManşetSiyasət

“Biz istifadə edəndə “Bayraktar”a ölüm silahı deyirdilər, indi Ukraynada mələk adlandırırlar”

“Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, – Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, – donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı əlavə edib ki, indi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir:

“O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər.

Mənim yadımdadır, işğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə saldırırdıq”.

İlham Əliyev vurğulayıb ki, bir çoxları imtina edirdi:

“Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi.

İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq”.

Bənzər yazılar

Back to top button