Siyasət

“Pozuntular davam edir”: ABŞ-ın məruzəsi Azərbaycanda insan hüquqlarının pozuntularını əks etdirir

Dövlət Departamentinin çərşənbə axşamı dərc etdiyi illik hesabat Azərbaycanda mühüm insan hüquqları pozuntularını – güc qurumlarının əməkdaşları tərəfindən qanunsuz və özbaşına qətllərdən, işgəncələrdən, ləyaqəti alçaldan davranışdan ölkə hüdudlarından kənarda insanlara qarşı siyasi motivli repressiyalara qədər pozuntuları əks etdirir, bu barədə Turan-ın Vaşinqton müxbiri xəbər verib.

2021-ci il ərzində insan hüquqlarına riayət olunması haqqında ölkələr üzrə BMT-yə üzv dövlətlərdə və ABŞ-dan yardım alan ölkələrdə insan hüquqları sahəsində irəliləyişi əks etdirən hesabatlar Azərbaycanda həbsxanalarda sərt, bəzən isə həyat üçün təhlükəli saxlanma şəraitlərini; özbaşına həbsləri; siyasi məhbusları və digər sui-istifadələri üzə çıxarıb.

Bu ilin hesabatında – 46-cı illik buraxılışda söz azadlığı və KİV sahəsində ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılığı, böhtanın kriminallaşdırılması, həmçinin jurnalistlərin şübhəli ittihamlarla təzyiqə məruz qalması və azadlıqdan məhrum edilməsi; internet azadlığında ciddi məhdudiyyətlər, o cümlədən veb-saytların bloklanması; dinc toplaşma hüququnun faktiki olaraq qadağan edilməsi və assosisasiya azadlığına ciddi müdaxilə; yerdəyişmə azadlığına məhdudiyyətlər əksini tapıb.

Digər pozuntular siyasi həyatda iştirakla bağlı ciddi məhdudiyyətlərdən; hökumətdə sistemli korrupsiyadan; cinsi meylə görə polisin insanlara qarşı amansızlığından; işçilərin birləşmək azadlığının ciddi şəkildə məhdudlaşdırılmasından və uşaq əməyinin ən pis formalarının mövcudluğundan ibarətdir.

“Təəssüf ki, kənaraçıxmalar (insan hüquqlarına riayət etməkdən) davam edir”, deyə dövlət katibi Entoni Blinken ölkə üzrə hesabatı təqdim edərkən jurnalistlərə bildirib.

Hesabatlarda 2021-ci təqvim ilində insan hüquqları sahəsində irəliləyişdən söhbət getsə də, onların müqəddiməsində Rusiyanın Ukraynaya qarşı bu il başlayan müharibəsi bütün dünyada insan hüquqlarının pozulmasının dəlili kimi pislənir.

“Davam edən pozuntuları və bir çox ölkələrdə insan hüquqlarının pozulmasını, bir neçə qitədə demokratiyadan yayınmanın davam etməsini və həm insan hüquqları, həm də demokratiya üçün təhdid olan sürünən avtoritarizmi, – xüsusən Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinin olduğu bir vaxtda – nəzərə alsaq, hesabatlarda yer alan məlumat daha əhəmiyyətli və ya daha təcili ola bilməz”, deyə məlumatda bildirilir.

Blinken deyib ki, demokratiya və insan hüquqlarına riayət olunmasında “narahatlıq doğuran tənəzzül” uzun illərdir davam edir, amma Ukraynada müharibə bütün dünyanın diqqətini ortaya qoyulmuş məsələlərə cəlb edib. “Bu tənəzzülün insani nəticələrinin Rusiyanın Ukraynaya qarşı bu amansız müharibəsi qədər ciddi olan çox az yer var”, deyə o bildirib.

Blinken həmçinin xəbərdarlıq edib ki, hökumətlər sərhədləri aşdıqda “tənqidçilərini təhdid etmək və onlara hücum etmək üçün daha da həyasızlaşırlar”.

Ölkə dost ölkədir, ya real fikir ayrılıqlarımız olan bir ölkədir – “tətbiq etdiyimiz ölçü xətkeşi eynidir”, deyə o bildirib.

Bu, insan hüquqlarının əsas prinsipini əks etdirir: onlar universaldır: “İstənilən millətdən, irqdən, cinsdən, əlillik və yaşdan olan insanların nəyə inanmasından, kimi sevməsindən və ya hər hansı digər xüsusiyyətlərindən asılı olmayaraq bu hüquqlara malik olmaq hüququ var”.

Bu, “xüsusilə vacibdir”, çünki bir sıra ölkələr yanlış olaraq insan hüquqlarının yerli kontekst nəzərə alınmaqla tətbiq edilməli olduğunu bəyan edirlər, deyən Blinken əlavə edib ki, “təsadüfi deyil ki, eyni hökumətlərin bir çoxu insan hüquqlarını ən çox pozan hökumətlər arasındadır”.

Azərbaycana dair hesabatda xatırladılır ki, “hökumət insan hüquqlarının pozuntusuna və korrupsiya aktlarına yol vermiş bir çox vəzifəli şəxsləri təqib etməyib və cəzalandırmayıb; cəzasızlıq problem olaraq qalıb”.

(Azərbaycana dair hesabatın tam versiyasını burada oxuya bilərsiniz:

https://www.state.gov/reports/2021-country-reports-on-human-rights-practices/azerbaijan/)

Qanuna əsasən, Dövlət Departamenti hər il BMT üzvü olan bütün ölkələrdə beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının və əməkçilərin hüquqlarının vəziyyəti haqqında hesabat verməlidir.

Bənzər yazılar

Back to top button