ManşetSiyasət

İlham Əliyev Ermənistanla münasibətlərin normallaşmasından danışıb

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Bu barədə prezident İlham Əliyev aprelin 12-də Bakıda keçirilən müşavirədə çıxışında bildirib.

“Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.

Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir”, deyə Əliyev qeyd edib.

İki ölkənin XİN başçıları arasında telefon söhbətinə toxunan Əliyev bu telefon söhbətinin 30 il ərzində birinci dəfə baş tutduğunu bildirib. Aprelin sonuna qədər sərhədin delimitasiyası üzrə işçi qruplar, həmçinin sülh sazişinin hazırlanması üzrə işçi qruplar formalaşdırılacaq.

Beynəlxalq ictimaiyyət barədə danışan Əliyev qeyd edib ki, Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşkil etdiyi Brüssel görüşləri də sübut edir. Yekun kommünikedə “Dağlıq Qarabağ” və “münaqişə” ifadələrinin olmaması bunu təsdiq edir.

Azərbaycan və Ermənistan məsələləri özləri öz aralarında həll etməlidir, kömək etmək istəyənlər etsinlər. Bütün qonşu ölkələr postmünaqişə reallıqlarını qəbul ediblər.

ATƏT-in Minsk Qrupuna gəlincə, Əliyev onu yenidən tənqidə məruz qoyub.

” Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və nəticə sıfır. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər.

ATƏT yalnız Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması məsələləri ilə məşğul ola bilər, Əliyev belə hesab edir.

“Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir”, deyə Əliyev qeyd edib.

Bənzər yazılar

Back to top button