Hadisə

Cəbrayılovun qardaşının saxlanılmasının təfərrüatları (FOTO)

Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun saxlanılması ilə bağlı yeni məlumatlar əldə etmişik.

Qaynarinfo-ya daxil olan məlumata görə, Rafael Cəbrayılovla bağlı cinayət işində zərərçəkmiş kimi tanınan şəxslər Elşən Cəbrayılovun həbsini tələb etsələr də, keçmiş deputatın qardaşı tamamilə başqa şəxslərin şikayəti əsasında saxlanılıb. Yəni, Elşən Cəbrayılovun saxlanılmasının “Cəbrayılov işi” ilə əlaqəsi yoxdur. Baxmayaraq ki, bu işdə əsas fiqurantlardan biri də odur.

Hətta Rafael Cəbrayılov məhkəmə proseslərində zərərçəkmişlərin pulunu qardaşının mənimsədiyini demişdi. Bundan başqa, Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova bir neçə dəfə Elşən Cəbrayılovla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib.

Rafael Cəbrayılov həbs ediləndə Elşən Cəbrayılov ölkədə olmayıb. O, Türkiyədə Bəydüzü adlanan ərazidə inşaat işləri ilə məşğul imiş.

İddialara görə, Elşən Cəbrayılov qardaşının da pullarını və əmlaklarını mənimsəyib. Bu baxımdan, Rafael Cəbrayılovun ailəsi də onun məsuliyyətə cəlb olunmasında maraqlı olub.

Elşən Cəbrayılovun saxlanılmasını Daxili İşlər Nazirliyi təsdiqləyib. O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Cəbrayılov işi”ndə zərərçəkmiş kimi şəxslər Elşən Cəbrayılovun bu iş üzrə də mühakimə olunmasını istəyir. Zərərəçəkmişlərin sözlərinə görə, bununla bağlı növbəti proseslərdə vəsatət qaldıracaqlar. “Rafael Cəbrayılov özü deyirdi ki, bu oyunları bizim başımıza qardaşı açıb. Ona görə də Elşən Cəbrayılov bizim iş üzrə də mühakimə olunmalıdır. Bütün məsuliyyəti Elşənin Cəbrayılovun üstünə atırdı”, deyə zərərçəkmişlər bildirib.

Bu arada Qaynarifo Elşən Cəbrayılovun fotosunu əldə edib. Fotonu təqdim edirik.

11.09

Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elşən Cəbrayılovun saxlanılması dələduzluq faktı ilə bağlıdır. Lakin bu işin Rafael Cəbrayılovun cinayət işi ilə əlaqəli olub-olmadığı məlum deyil. Bu gün onun barəsində həbs qətimkan tədbiri seçilə bilər.

Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aidə Cəbrayılovanın vəkili Vüqar Kazımov Qaynarinfo-ya açıqlamasında xəbəri təsdiqləyib: “Elşən Cəbrayılovun srağagün saxlanılıb. Güman ki, bu gün onun barəsində müvafiq qərar veriləcək. Onun nədə ittiham olunduğunu dəqiq deyə bilmərəm. Deyəsən, dələduzluğa görədir”.

Xatırladaq ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rafael Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişdiyi üçün məhkəmədə onu hüquqi varisi Aidə Cəbrayılova təmsil edir.

“Rafael Cəbrayılov işi” Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatındadır.

Son məhkəmə proseslərində zərərçəkənlər Elşən Cəbrayılovun həbsini tələb edirdi. Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova isə Elşən Cəbrayılovla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Onun müraciətində Elşən Cəbrayılovun 8 milyon manat məbləğində vergi ödənişindən yayındığı qeyd edilmişdi.

Bənzər yazılar

Back to top button