Cəmiyyət

Biliklərini 20 manata yoxlatmağa məcbur edilən ibtidailər – Bu, onlar üçün vacibdir?

İbtidai sinif şagirdlərinin sınaq imtahanlarında iştirak etməsi böyük narazılığa səbəb olub. Valideynlər bunu müəllimlərin növbəti fırıldaqlığı kimi qiymətləndirir. Onlar 1-ci sinif uşaqlarının 3 aydır dərsə getdiyini qeyd edilər:

“İbtidai sinif müəllimləri hansısa özəl hazırlıq kursu ilə anlaşır və bazar günləri “sınaq imtahanı” adı altında birinciləri imtahana dəvət edirlər. İmtahana girmək üçün isə hər valideyndən uşağına görə 20 manat pul alınır”.

Valideynlər bu məsələdə hazırlıq kursunun direktoru ilə müəllimin şərik olduğunu vurğulayıblar.

Qaynarinfo bununla bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Təhsil eksperti bildirib ki, imtahana hazırlaşan şagirdlərin, abituriyentlərin, hətta aşağı sinif şagirdlərinin belə tez-tez müraciət etdiyi hazırlıq vasitələrdən biri də sınaq imtahanlarıdır:

“Əsasən, ali məktəbə hazırlaşan abituriyentlər imtahan tipi ilə tanış olmaq, vaxt bölgüsünü öyrənmək üçün sınaq imtahanlarına gedirlər. Tədqiqatlar göstərir ki, sınaqda iştirak edən abituriyentlər imtahan vaxtı özlərini itirmirlər, testləri cavablandırarkən tələsmirlər və müəyyən metodlardan rahat istifadə edirlər və sınaq bu vərdişləri inkişaf etdirir. Hər bir abituriyent öyrəndiklərini yoxlamaq üçün sınaq imtahanlarında mütəmadi olaraq iştirak edir. Bu təhsilin bir çox sahələrində də tətbiq olunur. Amma aparılan tədqiqatlar göstərir ki, gələcəkdə verəcəyin imtahanları verməmişdən əvvəl ona uyğun sınağa girmək vacibdir”.

Kamran Əsədov sınaq imtahanının 9, 10, 11-ci siniflər üçün lazım olduğunu qeyd edib:

“Çox təəsüflər olsun ki, bu gün hətta 1-ci siniflər üçün sınaq imtahanları keçirilir. Düzdür, əldə edilmiş biliyin, formalaşmış bacarıqların erkən yaşlarda yoxlanılması, ölçülməsi zəruridir, amma bunu tez-tez və baha qiymətə etmək olmaz. Yuxarı siniflər üçün özünə inamın yaranması, hansı mövzuda zəif olduğunu bilmək, bilmədiklərini öyrənmək, imtahana kifayət qədər hazırlıqlı olmaq, imtahanı verərkən həyəcanın olmaması sınaqların bəzi əhəmiyyətli funksiyalarıdır”.

Kamran Əsədov qeyd edib ki, ibtidai sinif müəllimləri öz maraqları üçün müəyyən kursların sınaqlarında uşaqların məcburi iştirakını tələb edirlər:

“Bu, uşaqlara psixoloji mənfi təsir göstərir. Yaxşı olar ki, sınaq imtahanları 5 manatdan baha olmasın və 2-3 aydan bir olsun. Bu zaman şagirdlər daha yaxşı hazırlaşa, bilmədiklərini öyrənə bilərlər. Təhsili, uşaqların gələcəyini, psixologiyalarını maddi maraqlara qurban vermək olmaz”.

Bənzər yazılar

Back to top button