GündəmManşetSiyasət

Azərbaycanlı əsgərlər erməni hərbçilər tərəfindən işgəncəyə məruz qalıb – ABŞ Dövlət Departamenti

Ikinci Qarabağ müharibəsi dövründə azı yeddi azərbaycanlı hərbçi erməni qoşunları tərəfindən işgəncələrə, amansız, qeyri-insani və ya alçaldıcı davranışlara məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında deyilir.

Qeyd olunur ki, üç amansız davranış faktı videoya çəkilib.

“Hadisələrin birində amansız davranış zərərçəkənin ölümünə səbəb ola bilərdi. Davamlı döymələr, tibbi yardımdan və digər ehtiyaclardan imtina, şahidlərin təsvir etdiyi və ya videoya çəkilən amansızlıq, alçaltmalar erməni qoşunları tərəfindən Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir”, – hesabatda deyilir.

Dövlət Departamenti vurğulayır ki, işgəncə qadağalarının pozulması Ermənistan Cinayət Məcəlləsinə görə də ağır cinayətdir.

Hesabatda, həmçinin vurğulanır ki, səkkiz videoçarxda həlak olmuş azərbaycanlı əsgərlərin meyitləri təhqir olunur, onların əmlakları erməni hərbçiləri tərəfindən oğurlanır.

Eyni zamanda, ABŞ Dövlət Departamenti erməni hərbçilərinin iki azərbaycanlı əsgəri güllələməsinin videotəsdiqinin olduğunu da qeyd edir.

Hesabatda deyilir ki, həlak olanların əmlaklarının oğurlanması ilə bağlı ittihamlar mütləq araşdırılmalıdır.

Dövlət Departamenti qeyd edir ki, 2020-ci ilin dekabrında Azərbaycan rəhbərliyi erməni hərbçilərin ikinci Qarabağ müharibəsi dövründə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn kobud şəkildə pozması ittihamı ilə bir sıra cinayət işləri açıb.

Bənzər yazılar

Back to top button