Dünya

ABŞ Rusiyanın Qarabağ nizamlanmasında vasitəçilik rolu haqqında bəyanatını təkzib edir

Cümə axşamı Vaşinqton Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunun sədri qismində Moskva ilə əməkdaşlıqdan “imtina etdiyi” haqqında bəyanatını təkzib edib.

“Rusiyanın bunda oynaya biləcəyi roldan danışa bilmərəm”, deyə Dövlət Departamentinin mətbuat katibi Ned Prays bu idarədə keçirilən gündəlik mətbuat konfransında Turan-ın sualına cavabda bildirib.

“Deyə biləcəyim təkcə odur ki, biz Ermənistan və Azərbaycanla ikitərəfli əsaslarla və ya ATƏT mexanizmi vasitəsilə tərəfdaşlarımızla birlikdə əməkdaşlıq etməyə hazırıq”, deyə Prays əlavə edib.

Ötən həftənin sonlarında Rusiyanın XİN başçısı Vaşinqton və Parisin ATƏT-in Minsk Qrupu çərçivəsində Moskva ilə əməkdaşlıqdan imtina etdiklərini bildirib.

Cümə axşamı jurnalistlər qarşısında çıxış edən Ned Praysın sözlərindən aydın olub ki, Vaşinqton Cənubi Qafqazda sülh proseslərinə və Paşinyan və Əliyev arasında şəxsi əlaqələrə dəstəyi davam etdirəcək.

“Dövlət katibi Blinken aprelin 5-də hər iki liderlə telefon söhbətində Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını təşviq edib və ABŞ uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ikitərəfli əsaslarla və ATƏT-dən olan tərəfdaşları ilə əməkdaşlığa hazırdır”, deyə o bildirib.

Bu arada, Prays Turan-ın Ukraynadakı müharibənin Rusiyanın Qarabağda sülhyaratma səylərinə necə təsir edəcəyi haqqında sualına cavab verərkən Rusiyanın vasitəçilik rolu ilə bağlı şərh verməkdən yayınıb.

ABŞ və Fransa çərşənbə günü dövlət katibinin müavini Vendi Şerman və Fransa XİN-in baş katibi Fransua Delattre arasında telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsini, həmçinin digər mövzuları müzakirə ediblər.

Bənzər yazılar

Back to top button