Siyasət

Müxalifət yeni layihədən də narazıdır

Bir müddət öncə Milli Məclisdə orada təmsil olunan siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanmışdı. Həmin layihəni bir sıra müxalifət partiyaları və bəzi ekspertlər ciddi tənqid etdi.

Oktyabrın sonu və noyabrın əvvəlində də Milli Məclisdə layihə ilə bağlı ictimai dinləmələr keçirildi. Noyabrın 21-də isə Milli Məclisin saytında bəzi dəyişikliklər edilmiş yeni layihə dərc olunub.

Əvvəlki layihədə tənqid edilən bəzi müddəalar aradan qaldırılıb. Məsələn, partiya təsisçilərinin sayı 200 nəfər olmalı idisə, indiki variantda bu rəqəm 50-yə endirilib. Üstəlik, partiya təsisçilərinin 20 il ölkədə daimi yaşamaq tələbi də aradan qaldırılıb. Habelə, siyasi partiyaların qeydiyyatı üçün lazim olan imza sayı yarıya qədər azaldılıb və iki dəfə ardıcıl seçkiləri boykot edən partiyaların qeydiyyatının məhkəmə qaydasında ləğvi tələbi də götürülüb.

Bununla belə, parlamentdə təmsil olunmayan müxalif qüvvələrdən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, layihə siyasi fəaliyyəti “linç edən” sənəddir: “Bu layihə siyasi fəaliyyətə, ifadə azadlığına, Azərbaycanın qoşulduğu konvensiyalara, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyalar haqqında kriteriyalarına ziddir. Hüquqi baxımdan absurddur”.

Onun sözlərinə görə, qanun layihəsində o qədər mürtəce müddəalar var ki, onun istənilən biri ilə siyasi partiyaların fəaliyyətinə xitam vermək olar: “Sənəd bütövlükdə ifadə azadlığına qandal vuran maddələrlə zəngindir. Layihənin 4.7-ci maddəsində göstərilir ki, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Bu, konkret ifadə azadlığına və siyasi fəaliyyətə zərbədir. Daha sonra yazılır ki, siyasi partiyanın bütöv xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur”.

Yeni layihədə partiya üzvləri ilə bağlı tələb qoyulur və bu, sədr müavininin ehtimalına görə, partiya üzərində icra strukturunun nəzarətini təmin edir: “Üzvlərinin sayı 4 min 500-dən az olan partiyalar tezliklə üzvlərinin sayını artırmasa, bağlana bilər. Üstəlik, partiya üzvlərinin reyestri tələb edilir. İndi bizdən tələb edirlər ki, üzvlərimizin siyahısını hökumətə təqdim edək ki, al, üzvlərimizə divan tut, onlara işgəncə ver, təhdid et ki, partiyadan uzaqlaşsın”.

S.Həzinin fikrincə, sənədin 7.1 maddəsi də (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlayır) siyasi fəaliyyətin məhdudlaşırılmasına yönəlib: “Siyasi partiya ona görə qurulur ki, icazə almadan danışa bilsin. O, danışmaq üçün hökumətdən icazə almır. Onun üzərində heç bir icra hakimiyyətinin nəzarəti ola bilməz. Siyasi partiyanın fəaliyyətinə nəzarət bu qurumu Prezident Administrasiyasının bir hissəsi kimi görməkdir. Siyasi partiyalar yalnız qurultayı və ədalətli məhkəmə qarşısında cavabdehdir. Siyasi partiyanın qeydiyyatını da icra hakimiyyəti deyil, yalnız ədalətli məhkəmə ləğv edə bilər”.

Parlamentdə təmsil edilməyən başqa bir müxalif təşkilatın – Müsavat Partiyasının başqanı Arif Hacılı da AzadlıqRadiosuna bildirib ki, 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” Qanun normal fəaliyyətə imkan verən bir sənəddir. O, qanunvericilikdə dəyişiklikləri təbii sayır: “Ancaq, çox təəssüf, Azərbaycanın indiki hakimiyyəti qanunda, Konstitusiyada hər hansı dəyişikliklər edirsə, bu, bir qayda olaraq, mürtəce dəyişikliklər olur”.

Onun sözlərinə görə, indi müəyyən məhdudiyyətləri aradan qaldırmaqla hakimiyyət, guya, hansısa güzəştlərə getdiyini nümayiş etdirməyə çalışır: “Halbuki, bu, əvvəlcədən hazırlamış bir plan idi ki, hələ də layihədə qalan dəyişiklikləri çox da mürtəce olmayan dəyişikliklər kimi cəmiyyətə sırımaq mümkün olsun. 5 min partiya üzvü, siyasi partiyalara ianə verən şəxslər haqqında məlumatların icra hakimiyyəti orqanına təqdim edilməsi əslində hakimiyyətin siyasi partiyalar üzərində nəzarətini gücləndirmək məqsədi daşıyır”.

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elşad Mirbəşiroğlu isə müxalifətin tənqidlərini əsaslı saymır. O, “Turan”a açıqlamasında deyib ki, “Siyasi partiyalar haqqında” Qanun ətrafında çox geniş müzakirələr həyata keçirilib: “1995-ci ildə Konstitusiya qəbul olunan zaman belə geniş miqyaslı ictimai müzakirələr aparıldı. “Siyasi partiyalar haqqında” Qanun layihəsi də ictimaiyyətin müxtəlif təbəqələrinin, siyasi partiya təmsilçilərinin yaxından iştirakı ilə müzakirə olundu”.

O qeyd edib ki, sənədin müzakirəsi bir plüralizm nümunəsidir: “Hər kəs çox sərbəst şəkildə öz fikirlərini ifadə etdi və müzakirədə müşahidə olunan reallıq o idi ki, hamı qanunun maksimum keyfiyyətli olmasına çalışırdı”.

Deputatın sözlərinə görə, səsləndirilən bütün təkliflər həssaslıqla qarşılanırdı: “O da sonrakı mərhələdə nəzərə alındı. Bu baxımından hesab edirəm ki, “Siyasi partiyalar haqqında” Qanunu bütövlükdə ictimaiyyətin fikri nəzərə alınmaqla hazırlanıb. Belə olan halda qanunun keyfiyyəti haqqında cəsarətlə danışmaq olar”.

Bənzər yazılar

Back to top button