ManşetSiyasət

Ermənistan Azərbaycan üçün mina təhlükəsi yaradır – ombudsman

Azərbaycan ombudsmanı Səbinə Əliyeva 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Çərşənbə axşamı yayılan müraciətdə qeyd edilir ki, hər il 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. 2023-cü il üzrə “Minatəmizləmə prosesi gözləyə bilməz” kampaniyası çərçivəsində keçirilən bu günün əsas məqsədi minalarla çirklənməyə məruz qalmış ərazilərə diqqət çəkməkdir, deyə ombudsman aparatının mətbuat xidmətinin məlumatında bildirilir.

“Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası 30 ilə yaxın bir dövr ərzində Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməmiş, insanların həyat və sağlamlığına zərər vermək, məqsədilə həmin əraziləri kütləvi şəkildə minalamışdır.

2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərimizdə baş vermiş çoxsaylı mina partlayışları nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də mina terrorunun qurbanı olmuşdur.

Vətən müharibəsindən sonrakı dövr ərzində 289 nəfər vətəndaş mina və digər partlayıcı sursatların qurbanına çevrilmişdir ki, onlardan 51 nəfəri həlak olmuş, 238 nəfər xəsarət almışdır”, deyə Əliyeva qeyd edir.

Ümumilikdə 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3368 nəfər mina partlayışından həlak olmuş və ya xəsarət alıb.

“Dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan məqsədli şəkildə minaladığı ərazilərin dəqiq xəritələrini hələ də ölkəmizə təqdim etməmişdir.

Hesab edirik ki, bütün dünya ictimaiyyəti insanların yaşamaq, təhlükəsiz yaşamaq və sağlamlığın qorunması hüquqlarının müdafiəsi naminə mina terroruna qarşı mübarizədə həmrəy olmalıdır”, deyə ombudsman bildirir.

“Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı bu günədək narahatlıq ifadə etməməsi və bununla bağlı təsirli tədbirlər görməyə maraq göstərməməsi təəssüf hissi doğurur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə müraciət edərək mövcud problemin aradan qaldırılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə və minatəmizləmə prosesinə dəstək verməyə çağırıram”, deyə Əliyeva qeyd edir.

Öz növbəsində, Azərbaycan XİN də “Ermənistan da daxil olmaqla, ərazilərin minalanmasında təqsirli olanların və minatəmizləmə prosesində əməkdaşlıq etməkdən imtina edənlərin məsuliyyətə cəlb edilməsi” zərurətini qeyd edib.

“Bu gün Beynəlxalq Mina Xəbərdarlığı Günü qeyd olunur. “Minatəmizləmə prosesi gözləyə bilməz” prosesi Ermənistan da daxil olmaqla, ərazilərin minalanmasında təqsirli olanların və minatəmizləmə prosesində əməkdaşlıq etməkdən imtina edənlərin məsuliyyətə cəlb edilməsinə yönəlib. Biz onların yaratdığı böyük insan itkilərinə son qoymalıyıq”, deyə XİN-in rəsmi Twitter səhifəsində bildirilir.

Bənzər yazılar

Back to top button