Hadisə

“Ege Hospital”da təxliyə problemi: Baş verə biləcək faciəni kimlər önləməli?

Aprel ayının 3-də Bakı şəhərində fəaliyyət göstərən gecə klublarından birində baş verən partlayış ictimai binalarda təhlükəsizlik qaydalarının hansı formada olması məsələsini yenidən gündəmə gətirib. Zaman-zaman təhlükəsizlik qaydalarının normalara uyğun olmamasına görə baş verən oxşar hadisələr bu sahədə çox ciddi problemlərin olduğunu göstərir.

Qlobal.az xəbər verir ki, Bakıda geniş vüsət alan hündür mərtəbəli yaşayış və qeyri-yaşayış binalarında da vəziyyət qənaətbəxş deyil. Belə ki, hündürmərtəbəli binalarda olan ən ciddi problemlərdən biri yanğın zamanı evakuasiyanın təmini ilə bağlı olan problemdir.

Son illər tikilən hündür mərtəbəli binaların əksəriyyətində yanğın təhlükəsizliyi ilə bağlı olan pilləkən qəfəslər demək olar ki, qurulmur.

Təəssüflər olsun ki, təhlükəsizlik pilləkənlərinin yoxluğuna fasad hissələri yanğına davamsız olan süni üzlük materiallarla montaj olunmuş tikililərə də rast gəlinir.

Bu cür binalardan biri də Bakıda Həsən Əliyev küçəsində olan “Ege Hospital”ın yerləşdiyi binadır.

Qeyd edək ki, 12 mərtəbədən ibarət olan hospitalın binasının fasad hissəsi Alüminium kompozit panel (alkopan) ilə montaj olunub.

Hospitalda iki lift fəaliyyyət göstərsə də, burada insanların evakuasiyası üçün bina fasadında pilləkən qəfəsləri quraşdırılmayıb.

Bu hal isə baş verə biləcək hər hansı ekstremal vəziyyətlərdə binada olan yüzlərlə insanın həyatını sual altına qoyur. Nəzərə alanda ki, binada olan insanların bəziləri müalicə və müayinə üçün gəlmiş, sağlamlığı məhdud olan insanlardan və azyaşlılardan ibarətdir, o zaman faciənin daha böyük miqyasda olacağını qaçılmaz edir.

Bəs hospital rəhbərliyi bu halı nəzərə alıbmı, fors-major vəziyyətlərdə xəstəxananın işçiləri və xəstələrin evakuasiyası necə planlaşdırılır? Bu sualla “Ege Hospital”ın müdiriyyətinə sual ünvanlasaq da, qarşı tərəf mövqe bildirmədi.

Qeyd edək ki, aprel ayının 11-də Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirlikdə keçirilən müşavirədə “Location” gecə klubunda baş vermiş partlayış barədə danışaraq bəzi işbazların qanunlara laqeyd yanaşdığını bildirib: “İctimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol açır və hər an potensial təhlükə mənbəyidir. FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır faciələrə gətirib çıxarır”.

Bənzər yazılar

Back to top button