Hadisə

Coşqun Cəbrayılovla sakinlər arasına “divar çəkənlər” kimlərdir?

Azərbaycanda bir neçə ildir ki, kadr islahatları sürətlənib. Prezident İlham Əliyevin sərərəncamları ilə yüksək vəzifələrə savadlı, innovativ gənclər təyin edilirlər. Bu təyinatlarda əsas məqsəd prezidentin bildirdiyi kimi xalqa, dövlətə daha keyfiyyətli xidmətin göstərilməsidir.

Lakin vəzifəyə təyin edilən bəzi şəxslər var ki, onlar hələ də rəhbərlik etdikləri sahədə ciddi dönüş yarada, etimadı doğrulda bilməyiblər.

Qlobal.az saytına göndərilən şikayət məktubunda bildirilir ki, etimadı doğrulda bilməyən məmurlardan biri də Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur.

“Coşqun Cəbrayılovun Nizami rayonuna başçı təyin edilməsindən iki aya yaxın vaxt keçib. Ancaq hələ də başçı rayon ilə tanış ola bilməyib. Bu müddət ərzində başçının qəbuluna düşmək mümkün deyil. Nə zaman gedirsən elə deyirlər ərazidədir. Biz bilmirik Nizami rayonunun ərazisi nə qədərdir ki, başçı gəzib qurtara bilmir. Yoxsa Coşqun müəllimin “ərazi” gəzmək xobbisinin anlamı nədir?”.

Məktubda qeyd edilir ki, Coşqun Cəbrayılov Nizami rayonuna gələndən bir qrup adamın əhatəsindən çıxa bilmir. Rayonu uzun illərdir ki, talayan bu adamlar yeni başçını problemi olmayan ərazilərə aparırlar.

Başçının mart ayında B.Nuriyev və Naxçıvanski küçələrinin sakinləri ilə keçirdiyi görüşlərdə isə siyahı üzrə əvvəldən təyin edilmiş şəxslərin buraxıldığı iddia eidlir.

“Coşqun Cəbrayılov mart ayının 30-da 251 nömrəli məktəbdə bir qrup sakinlə görüş keçirdi. Bu görüşdə əvvəlcədən təyin edilən adamlar buraxıldı. Bu adamların arasında obyekt sahibləri də var idi. Biz bilmirik Nizami rayonunda olan problem ancaq obyekt tikdirmək istəyən insanlarındır? O görüşdə bir dənə də olsun sadə, kasıb insan olmayıb. Hamısı cüzi problemi olan, dövlətdən hər ay stabil pensiya və ya maaş alan insanlar olub. Nizami rayonunda yüzlərlə ailə var ki, çox acınacaqlı durumda yaşayırlar. Amma başçının qəbuluna düşə bilmirlər. Çünki buna başçının ətrafında olan vəzifəli şəxslər imkan yaratmır. Bu məmurlar problemi olan sadə sakinlərlə başçının arasına divar çəkiblər.”-deyə, məktubda qeyd edilir.

Xatırladaq ki, Coşqun Cəbrayılov cari ilin fevral ayının 22-də Nizami rayonuna İcra başçısı təyin edilib.

Qarşı tərəf mövqe bildirə bilər.

Bənzər yazılar

Back to top button