Hadisə

Arif İbrahimov hansı maddə ilə həbs olunub? – AÇIQLAMA

Xəbər veridiyimiz kimi, Daxili işlər Nazirliyi (DİN) Bakıda bloger Hüseyn Həsənovla görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama yayıb. Bildirilib ki, tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunub. Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq, A. İbrahimov inzibati qaydada 15 sutka həbs olunub.

Yeniavaz.com xəbər verir ki, A. İbrahimovun hansı maddə ilə həbs olunması müəyyən suallar yaradıb.

Belə ki, dərc edilən açıqlamada onun insanlara xəsarət yetirməsi ilə bağlı hər hansı fakt qeyd edilməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirib ki, sözügedən şəxs inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə həbs edilib:

“Həmin şəxs 510-cu maddəyə əsasən (xırda xuliqanlıq) saxlanılıb. Sonra izahatında belə deyib (kəməri insanlara deyil, yalnız səhnəyə vurması barədə – red.). Buna baxmayaraq, təşviş yaradıb. 510-cu maddəyə uyğun olaraq onun barəsində inzibati həbs seçilib”.
Qeyd edək ki, inzibati xətalar məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıqdır. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Bənzər yazılar

Back to top button