Dünya

Zelenski Rusiyanın yeni planını açıqladı

“Müharibəni dayandırmaq üçün ölkənin şərqindəki ərazilərdən imtina etmək fikrində deyilik və Donbass uğrunda gələcək döyüşlərə hazırıq”.

Bunu Ukrayna Prezidenri Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, məhz Donbass uğrunda döyüş hərbi əməliyyatların sonrakı gedişinə ciddi təsir göstərə bilər. Ukrayna liderinin sözlərinə görə, Rusiya Donbassı ələ keçirərsə, o zaman Kiyevə ikinci dəfə hücuma cəhd edə bilər. Bu səbəbdən də Ukrayna üçün Rusiyanı cilovlamaq və dayandırmaq vacibdir, çünki gələcək döyüşlər müharibənin gedişatına həlledici təsir göstərə bilər:

“Donbassdakı döyüşlər bütün müharibənin taleyini həll edə bilər. Mən Rusiya hərbçilərinə və siyasi rəhbərliyinə inanmıram. Onların Donbassı ələ keçirməsi, bundan sonra dayanacaqları anlamına gəlmir. Əksinə, bu halda Kiyevə daha çox yaxınlaşacaqlar”.

Qeyd edək ki, aprelin 16-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının Donbassdakı Kuraxovski və Avdeyevski istiqamətində Slavyanska qarşı hücumu bərpa etməyə hazırlaşdığını açıqlayıb. Eyni zamanda, Kursk, Bryansk və Voronej vilayətlərindən rus bölmələrinin Ukrayna ərazisinə hərəkəti davam edir. Aydın görünür ki, Rusiya indi bütün diqqətini Donbassı tamamilə işğal etməyə yönəldib. Ona görə də bu istiqamətdə aktivliyini artırır.

Belə vəziyyətdə Ukrayna Prezidentinin yuxarıda qeyd edilən açıqlamasını əslində həm Ukrayna xalqı və Ordusuna, həm də Qərbə yönəlik açıqlama kimi dəyərləndirmək olar. Belə ki, Zelenski həmin açıqlama ilə Kiyev ətrafında peşəkarlıq nümayiş etdirərək rus qüvvələrini geri otuzduran Ukrayna Ordusunu anoloji mübarizəni Donbass uğrunda gedən döyüşlərdə də davam etdirməyə çağırır. Yəni rəsmi Kiyev bununla Ukrayna xalqının əvvəlki əzmkarlığının Donbass ətrafında gözlənilən döyüşlərdə də davam etdirilməsini istəyir. Bu isə onu göstərir ki, yaxın zamanlarda döyüşlər məhz Donbass istiqamətində şiddətlənəcək və həmin regiondakı savaş müharibənin gedişatına əhəmiyyətli təsir göstərəcək. Buna görə də Zelenski yuxarıda qeyd edilən açıqlamanı verməklə Ukrayna xalqını Rusiya ordusuna qarşı mübarizədə daha ciddi səfərbər olmağa, arxayınlaşmamağa çağırır.

Digər tərəfdən, Ukrayna liderinin bu açıqlaması həm də Qərbə ünvanlanıb. Kiyev çalışır ki, Qərbdən xüsusən də silah-hərbi texnika baxımından indi olduğundan daha böyük dəstək alsın. Ona görə də həyəcan təbili çalırlar ki, ABŞ başda olmaqla Avropada da Rusiya ordusunun çətin durumda olmasından arxayınçılıq yaranmasın və Kiyevə yönəlik dəstək artırılsın. Rusiya Donbasda ciddi nəticə əldə etsə, gözləniləndir ki, onun növbəti hədəfi Kiyev olacaq. Həqiqətən də bunu istisna etmək olmaz. Zelenski də məhz bu amili nəzərə almaqla yuxarıda qeyd edilən həyəcan təbilini çalıb.

Bənzər yazılar

Back to top button