İqtisadiyyat

“Akkord”da nə baş verir? – Keçmiş sahibi ilə şirkət arasında borc qalmaqalı

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının keçmiş sədri Dərya Vəliyev şirkəti məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, onun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Nərmin Əhmədovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi müqavilə tələbi üzrə mübahisələrdən ibarətdir.

Dərya Vəliyev iddia tələbində şirkətin ona borclu olduğunu qeyd edib. Şirkət də işə “borclu” qismində cəlb edilib.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmlərinin 51 faizi “VİP Estate” şirkətinə, 49 faizi isə Dərya Vəliyevə məxsus olub. Dərya Vəliyev uzun müddət şirkətin Müşahidə Şurasının sədri vəzifəsində işləyib. Bir müddət əvvəl bu vəzifədən çıxarılaraq, Müşahidə Şurasının üzvü təyin edilib. Cari ilin mart ayında isə ASC-nin Müşahidə Şurası tam tərkibdə dəyişib və Dərya Vəliyev də bu dalğada üzvlükdən çıxarılıb.

Son illər “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin böhran keçirdiyi barədə mediada vaxtaşırı məlumatlar dərc edilir. Şirkətin külli miqdarda vergi borcunu olması iddiaların əsassız olmadığına şübhələri artırır.

Məlumat üçün deyək ki, ASC-nin hazırda vergi borcu 14 277 009,69 AZN təşkil edir.

Bənzər yazılar

Back to top button