İqtisadiyyat

“Kapital Bank” “Azərsu”dan 130 milyonluq sifariş alan şirkəti məhkəməyə verdi – TƏFƏRRÜAT

Azərbaycanın aparıcı tikintin şirkətlərindən biri olan “Akelık Group” MMC-yə və onun sahibi Babayev Süleyman Qalibiyyət oğluna qarşı məhkəmə iddiaları qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, “Akelık Group” MMC -yə və Babayev Süleymana qarşı məhkəmə iddiası “Kapital Bank” ASC tərəfindən qaldırılıb.

“Kapital Bank” ASC-nin “Akelık Group” MMC və Babayev Süleymana qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası – 13.05.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə keçiriləcək. Məhkəmə iddiasının müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlı olduğu bildirilir.

Məlumat üçün qeyd edək ki, əvvəlki adı “ALKE İnşaat Sanaye ve Ticaret” ASC olan “Akelik Group” MMC-nin 20.05.2011-ci ildə dövlət qeydiyyatına alındığı və nizamnamə kapitalının 33 milyon 14 min 681 manat olduğu göstərilir. Qanuni təmsilçisi Rasim Babayev olan ASC-nin Nərimanov rayonu Əhməd Rəscəbli küçəsi 2, ev 26 ünvanında yerləşdiyi bildirilir.

Onu da bildirək ki, “Akelik Group” MMC-nin veb-səhifəsində – “akelik.az”da şirkətin dünyanın bir çox ölkəsində iri layihələr həyata keçirdiyi qeyd olunur.

Şirkətin Azərbaycanda da böyük layihələr icra etdiyi barədə məlumatlar mövcuddur. “Alke İnşaat Sənaye və Ticarət” ASC -nin 05.09.2017-ci il tarixində “Azərsu” ASC ilə ümumi dəyəri 74 milyon 970 min 742,65 manat dəyərində tender müqaviləsi bağladığı bidirilir. Müqaviləyə görə, “Alke İnşaat Sənaye və Ticarət” ASC “Azərsu” ASC-yə məxsus yeni inzibati binanın tikintisini tamamlayacaq.

Bundan başqa “Akelik Group” MMC Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisi üçün “Azərsu” ASC–dən 21 milyon 714 min, Ağdaş şəhərindəki kanalizasiya kollektorunun tikintisi üçün isə 29 milyon 472 min 94 manat 99 qəpik vəsait alıb.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin reyster məlumatlarında “Akelik Group” MMC -nin dövlət büdcəsinə 6 milyon 407 min 434 manat 18 qəpik vergi borcunun olduğu qeyd olunub.

Bənzər yazılar

Back to top button