Dünya

Müharibəni kimlər dayandıra bilər? – Zelenski və Podolyakdan vacib açıqlamalar

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə atəşkəslə bağlı danışıqların nəticəsinin olacağına dair arzu və inamın hər gün azaldığını bildirib.

Qaynarinfo xəvər verir ki, dövlət başçısı bunu Fransanın BFM TV telekanalına müsahibəsində deyib.

“Bu halda Rusiya və Putinlə danışıqları davam etdirməyə dəyərmi” sualına cavab verən Zelenski bunu söyləməyin onun üçün çətin olduğunu bildirib:

“Baş verənlərdən və dünyanın Rusiyanın Ukraynada etdiklərini gördükdən sonra bu çox çətindir. Belə bir anlayış var ki, heç bir nəticənin olmamasından sonra prezident Putinlə dialoqa olan ümidlər böyük sual altındadır”.

“Liderlər səviyyəsində bu müharibəni dayandırmaq olar, hələlik bu mümkündür”

Eyni zamanda o vurğulayıb ki, bu gün Ukraynanın rəsmi nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə danışıqlar aparır:

“Və biz prinsipcə Rusiya və Ukrayna liderləri səviyyəsində görüş keçirməyə hazırıq. Çünki liderlər səviyyəsində bu müharibəni dayandırmaq olar. Yəni, hələlik bu mümkündür”.

Qeyd edək ki, Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə brifinq zamanı Rusiyanın münaqişəni sülh yolu ilə nizamlanmaya hazır olmadığını bildirib: “Onlar (ruslar-red.) sülh yolu ilə nizamlanmaya hazır deyillər…”.

“Şərqdəki Ukrayna vətəndaşları “rusca olan hər şeyə nifrətlə baxırlar””

Zelenski deyib ki, əgər Rusiya həmin gün Ukraynanın işğal olunmuş şəhərlərində paradlar keçirsə, Ukraynada insanlar mayın 9-na nifrət etməyə başlayacaq:

“Biz 9 maydan qorxmuruq. Rusiyanın qalib gəlmək üçün hansısa xüsusi hərbi əməliyyat hazırlaya biləcəyinə sakit yanaşırıq. Bu, onlar üçün qələbə kimi görünür və bunu 9 mayda hamıya göstərə bilərlər”.

Dövlət başçısı qeyd edib ki, Ukrayna hakimiyyəti Rusiyanın mayın 9-da Xarkov və Xerson vilayətlərinin işğal olunmuş hissəsində, həmçinin artıq işğal olunmuş bəzi digər şəhərlərində paradlar keçirməyi planlaşdırdığından xəbərdardır:

“Hesab edirəm ki, bu, Rusiyanın böyük, tarixinin ən böyük səhvdir. Eynilə rus dili uğrunda döyüş kimi”.

O qeyd edib ki, indi ölkənin şərqindən olan Ukrayna vətəndaşları “rusca olan hər şeyə nifrətlə baxırlar”:

“Eyni problem mayın 9-dan sonra olacaq. Bu, yenə də Rusiya Federasiyasının böyük səhvidir… Əgər onlar mayın 9-da Ukraynanın işğal olunmuş şəhərlərində öz paradlarını keçirsələr, mayın 9-na, prinsipcə, son qoyacaqlar”.

Qeyd edək ki, Ukrayna Ali Radası İkinci Dünya müharibəsində nasizm üzərində qələbə gününün mayın 8-də qeyd olunmasını təklif edir. Mayın 9-da isə deputatlar Avropa Gününün Aİ dövlətləri ilə birgə qeyd olunmasını təklif edirlər.

“Düşərgədə yaşamaq yox, azad olmağımız prinsipial olaraq vacibdir”

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi iki dövlət başçılarının birbaşa danışıqları ilə başa çatdırıla bilər və bu danışıqlarda Ukrayna tərəfinin mövqeləri güclü, düşünülmüş və hüquqi cəhətdən təsdiqlənməlidir”.

Bunu isə telemarafonunun efirində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Ukrayna tərəfinin hüquqşünaslar, məsləhətçilər və danışıqlar qrupu bu gün bunun üzərində işləyir. Buna görə də ümid edirik ki, prezident Zelenskinin mövqeyi bu danışıqlarda son dərəcə güclü olacaq” deyə o, deyd edib.

Podolyak əmin olduğunu bildirib ki, danışıqlar zamanı Ukrayna dövlətinin başçısı Rusiyadan Ukraynanın əsas mövqeyini çatdıra biləcək. Onun sözlərinə görə, ölkənin şərqində vəziyyətin inkişafını gözləmək və Rusiya tərəfinin nümayiş etdirdiyi hücum şövqünün nə qədər ciddi olacağını qiymətləndirmək lazımdır:

“Onların kifayət qədər resursları, kifayət qədər raketləri var, təəssüflər olsun ki, şəhərlərimizi bombalamağa davam edirlər. Onların hələ də tarlalarımızda məhv etməyə fikir vermədikləri canlı qüvvəsi və texnikası var. Ona görə də bir az gözləyək, sonra biz bacararıq”.

Podolyak fikrincə, yaxın həftə yarım ərzində hadisələrin necə inkişaf edəcəyi bəlli olacaq.

“Ukrayna Silahlı Qüvvələrinin bu gün ölkənin şərqində taktiki qələbələr qazanmaqdan başqa yolu yoxdur. Düşərgədə yaşamaq yox, azad olmağımız prinsipial olaraq vacibdir”.

Bənzər yazılar

Back to top button