GündəmSiyasət

“Bakıda İsrail səfirliyinə hücumun arxasında İran dayanır” – İsrail XİN

“İranın İsrailin Azərbaycandakı səfirliyinə hücum planının qarşısı alınıb. Bu cəhdin arxasında Tehran dayanır”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen Serbiyaya rəsmi səfəri zamanı verdiyi açıqlamada deyib.

“İran terroru qlobal təhlükədir, biz bunu son bir neçə gündə Azərbaycanda İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük”, – Koen deyib.

O əlavə edib ki, İran hücuma cəhd edən terrorçunu maliyyələşdirib və ona göstərişlər verib.

Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün bir araya gəlməyə çağırıb.
Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

DTX-nin məlumatına əsasən, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Lakin rəsmi açıqlamada səfirlyinin hansı ölkənin olması bildirilmir.

Daha əvvəl saytımızda həmin ölkənin İsrail olması ehtimalı ilə bağlı məlumat dərc edilib.

Belə ki, paylaşılan video materialdan belə başa düşülür ki, barəsində bəhs olunan üçüncü ölkə İsrail səfirliyi ola bilər. Videoda terror aktını törətməyi planlaşdırdığı deyilən şəxsin çəkdiyi sxemdən də bunu açıq şəkildə görmək mümkündür. Əl ilə çəkilən sxemdə 4 obyekt yer alır. Həmin obyektlərdən yalnız biri – qarşısına “İ” hərfi yazılan obyekt xüsusi olaraq işarələnib. “Google Maps” üzərindən baxıldığı zaman məlum olur ki, işarələnən yerin İsrail səfirliyi olma ehtimalı olduqca yüksəkdir.

Bənzər yazılar

Back to top button