Hadisə

Salatın Əsgərovanın qatillərini ələ keçirən, Horadizi və 22 kəndi azad edən Milli Qəhrəman

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anadan olmasının 68-ci ili tamam olur.

Qaynarinfo xəbər verir ki, Şahverdiyev İsrafil Şahverdi oğlu 1952-ci ilin iyun ayının 11-də Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb.

1971-74-cü illərdə illərdə hərbi xidmət keçdikdən sonra Laçına qayıdan İsrafil Şahveridyev 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdi oğlu cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxaraq, təhlükəsizliyin təmin edilməsində və quldurların zərərsizləşdirilməsində yaxından iştirak edib.

Onun şücaəti nəticəsində Qaladərəsi kəndini keçməyə çalışan iki erməni kəşfiyyatçısını ələ keçir. Salatın Əsgərovanın həyatına qəsd edən quldurların ələ keçirilməsində də onun böyük əməyi olub.

1991-ci ilin yazında Qaladərəsi kəndini erməni quldurlarından təmizləmək məqsədilə plan hazırlanır. Gecədən səhərə kimi davam edən ağır döyüşdə erməni yaraqlıları güclü müqavimətlə rastlaşaraq geri çəkilməyə məcbur olurlar.

İ. Şahverdiyev 1992-ci il sentyabrın 19-dan noyabrın 17-nə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak edir və onlarla erməni silahlısını məhv edir.

O, dəfələrlə kəşfiyyata gedərək, düşmənin yerinin təyin olunmasında qəhrəmanlıq göstərib.

1994-cü il yanvarın 6-da Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil Şahverdiyev öz bölüyu ilə döyüşə atılır. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilir.

Cəsur komandirin son döyüşü 1994-cü il yanvarın 13-də baş tutub. Bir neçə istiqamətdən hücuma keçən bölükdən ölən və yaralananlar olur. Döyüşçü yoldaşlarını xilas edən Şahverdiyev İsrafil Şahverdi oğluna qarşı tərəfdən atılan güllə həyatına son qoyur.

İsrafil Şahveridyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin 3 övladı yadigar qalıb.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə İsrafil Şahverdiyevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Laçın rayonundakı məktəblərdən biri Milli Qəhrəmanın adını daşıyır.

Bənzər yazılar

Back to top button