İqtisadiyyat

SOCAR İstiqrazlarından növbəti rekord

3 ildən artıqdır ki tədavüldə olan SOCAR İstiqrazlarının təkrar bazardakı satış qiyməti $1050-a yüksəlib və həmin qiymət üzərindən satış əməliyyatı da artıq baş tutub.

Qaynarinfo xəbər verir ki, bu göstərici istiqrazların buraxıldığı tarixdən bəri ən yüksək rəqəmdir. Daha öncəki rekord göstərici $1046 təşkil edib.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, istiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, rüblük faiz ödənişlərinin qrafikə uyğun aparılması da investorların maraqlarına cavab verən bir digər mühüm faktordur.

2021-ci ilədək tədavül müddəti davam edəcək olan SOCAR İstiqrazları indiyədək sahiblərinə 16 milyon 250 min dollar gəlir qazandırıb.

SOCAR İstiqrazları ilə təkrar bazarda aparılan əməliyyatların həcmi hazırda 187 milyon dollar təşkil edir və 2100 ədəd əqd bağlanıb.

Ümumi emissiya məbləği $100 milyon olan, illk 5% gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkündür.

Bakı Fond Birjasında ən çox ticarət edilən korporativ maliyyə aləti olan SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi 17 aprel 2020 tarixində baş tutacaq.

Bənzər yazılar

Back to top button