İdman

Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynova böyük etimad

Bakı İdman Sarayının yeni rəhbəri Əli Əsgərovun qərarı ilə idman kompleksi may ayının 1-dən mühüm yeniliklərlə intensiv fəaliyyətə qədəm qoyur

Bu günlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı İdman Sarayının (Baku Sports Hall) direktoru Əli Əsgərov Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi, İdman ustası, V dan qara kəmər sahibi Yavər Hüseynovu Bakı İdman Sarayının İdman şöbəsinin müdiri vəzifəsinə təyin edib. Bununla da Bakı şəhərinin ən böyük idman komplekslərindən olan və müxtəlif nüfuzlu beynəlxalq yarışların keçirildiyi Bakı İdman Sarayı idman sahəsində intensiv fəaliyyətə başlayır.

Məsələ ilə bağlı açıqlama verən Bakı İdman Sarayının İdman şöbəsinin müdiri Yavər Hüseynov öncə kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib: “Əvvəlcə böyük etimad göstərərək, bu məsuliyyətli işi mənə tapşırdığına görə bir daha şəxsən özümün, Arpaçay Karate Klubunun rəhbərliyinin və yüzlərlə klub təmsilçisinin adından Bakı İdman Sarayının direktoru Əli Əsgərova təşəkkürlərimi çatdırıram. İnanıram ki, yeni kollektivlə birgə bu işin öhdəsindən layiqincə gələcəyik”.

Y.Hüseynovun sözlərinə görə, Bakı İdman Sarayının drektoru Əli Əsgərovun qərarına əsasən, 2022-ci ilin may ayının 1-dən Bakı İdman Sarayında müxtəlif idman növləri (karate-do, karate-kyokuşinkay, semi-kontakt, qocyu-ryu, kunq-fu-sanda, boks, cüdo, həndbol, voleybol, kinqboksinq, taekvondo, qaydasız döyüş (MMA), aykido, gimnastika, şahmat və s.), habelə müalicəvi gimnastika, akrobatika, rəqs üzrə qruplar, trenajor (fitnes) zalı fəaliyyətə başlayacaq: “Aprelin 22-də İdman Şöbəsinin rəhbəri olaraq məşqçi heyətimizlə ilk görüşümüz keçirildi. Bakı İdman Sarayında fəaliyyətə başlayacaq qrupların məşqçiləri ilə qarşıdakı işlərimiz haqqında müzakirələr apardıq. Məşqçilərimizin fikir və təkliflərini dinlədik. Ümid edirəm ki, yeni kollektivimizlə böyük uğurlara imza atacağıq. Beləliklə, Bakı İdman Sarayı may ayının 1-dən idman sahəsindəki yeniliklərlə intensiv fəaliyyətə qədəm qoyur”.

Biz də Arpaçay Karate Klubunun rəhbəri Yavər Hüseynovu Bakı İdman Sarayının İdman şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edir, yeni vəzifəsinin icrası zamanı daha böyük uğurlar arzulayırıq!

Bənzər yazılar

Back to top button