Hadisə

Ombudsman mühakimə olunmuş Ermənistan vətəndaşlarına baş çəkib

Bazar ertəsi Azərbaycanın ombudsmanı Səbinə Əliyeva və Milli Preventiv Qrupun üzvləri mühakimə olunmuş Ermənistan vətəndaşlarının saxlandığı yerlərə baş çəkiblər. Bu barədə Ombudsman Aparatından bildiriblər.

Mənbənin məlumatına görə, başçəkmədə tibb işçiləri və psixoloqlar da iştirak ediblər. Səbinə Əliyeva və Milli Preventiv Qrupun üzvləri Ermənistan vətəndaşlarını fərdi qaydada qəbul ediblər, onların müraciətlərini dinləyiblər. Onlara erməni dilində Azərbaycan qanunvericiliyi təqdim olunub və hüquqları ilə bağlı müraciət mexanizmi izah edilib.

Başçəkmə zamanı saxlanma şəraiti – kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.

“Başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.

Həmin məbusların saxlanma şəraiti, rəftar, telefon əlaqələri, yazışmalar, kənardan məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmət ilə bağlı şikayətləri olmayıb.

Mühakimə olunmuşlar üçün onların doğma dilində bədii ədəbiyyat və informasiya materiallarının olduğu, həmin şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrilə maneəsiz görüş imkanlarının yaradıldığı qeyd edilir”, – məlumatda deyilir.

Məlumatda mühakimə olunmuş Ermənistan vətəndaşlarının sayı açıqlanmır. Erməni tərəfinin məlumatına görə, Azərbaycan 38 erməninin mühakimə olunduğunu bildirir.

Bənzər yazılar

Back to top button