Siyasət

Azərbaycan və ABŞ enerji sahəsində tərəfdaşlığı genişləndirirlər

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vaşinqtona səfər zamanı ABŞ-ın yüksək səviyyəli nümayəndələrilə bir sıra görüşlər keçirib.

Energetika Nazirliyinin mətbuat xidməti bildirib ki, ABŞ prezidentinin xüsusi məsələlər üzrə köməkçisi Sara Ladislou ilə görüşdə regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsiziliyi layihələrinin həyata keçirilməsi üzrə uzunmüddətli əməkdaşlığın əhəmiyyətindən, mürəkkəb enerji böhranı dövründə Cənub Qaz Dəhlizinin rolundan danışılıb.

Şahbazovun sözlərinə görə, Azərbaycanın zəngin bərpa olunan enerji potensialının ölkənin enerji keçidinə və Avropanın enerji təchizatını şaxələndirməyə yönəlib.

Azərbaycanın COP29-a sədrliyi də onun yaşıl enerji, iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini əks etdirir.

Nazir həmçinin Dövlət Departamentində ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk və ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb.

Dyuk ilə görüşdə “yaşıl enerji” dəhlizi üzrə əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Pyatt ilə söhbət zamanı enerji təchizatını şaxələndirən infrastrukturların inkişafı əsas müzakirə mövzusu olub.

Hazırda Azərbaycan 8 ölkəyə qaz təchiz edir, əlavə qaz tədarükü Cənub Qaz Dəhlizi ilə yanaşı, “Həmrəylik Halqası”nın ötürücülük gücünün artırılmasını tələb edir. Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ABŞ-nin dəstəyi barədə razılıq əldə olunub.

Həmçinin ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüş olub. Görüşdə “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” “yaşıl enerji” dəhlizlərinin inkişafına dair fikir mübadiləsi aparılıb.(Turan)

Bənzər yazılar

Back to top button