İqtisadiyyat

Ekspert: “TANAP əlavə valyuta axınına imkan yaradır”

İyunun 30-da Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanmasının 2 ili tamam olur. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP vasitəsilə Türkiyəyə ilk kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb. TANAP rəsmilərinin məlumatına görə, bu il iyunun 30-u tarixinə kəmərlə nəql olunan qazın həcmi 6 mlrd kubmetr olacaq. Ümumilikdə kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd kubmetr təşkil edir. Bu həcmin 6 mlrd kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd kubmetri isə Avropaya nəql ediləcək.

Bəs Azərbaycan TANAP-dan nə qazanır?

İqtisadçı-ekspert Elşad Məmmədov “Report”a bildirib ki, TANAP layihəsi bütövlükdə Azərbaycan iqtisadiyyatı, Azərbaycanın dünya müstəvisində rəqabət üstünlüklərinin formalaşması üçün olduqca önəmli layihədir: “Nəzərə almaq lazımdır ki, Azərbaycanın dünya iqtisadiyyatı ilə inteqrasiyası son onilliklər ərzində əsasən enerji sektoru ilə bağlı idi. Dünyanın qloballaşmış iqtisadi sisteminə Azərbaycanın da daxil olması məhz enerji layihələri, Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarlarına ixracı ilə bağlı idi. Əvvəlcə neft strategiyası, sonra isə qaz strategiyası sayəsində ölkəmizin enerji daşıyıcılarının Avropaya ixracı mümkün oldu. Bu, Azərbaycanın beynəlxalq danışıqlar masasında bir sıra mühüm məsələlər üzrə mövqelərini möhkəmləndirdi və sırf siyasi və ictimai nüfuz baxımından ölkəyə öz təsirlərini göstərdi”.

Elşad Məmmədov

Bu layihənin iqtisadi təsirinə gəlincə isə o qeyd edib ki, TANAP layihəsi ölkəyə əlavə valyuta axınının gəlməsinə imkan yaradır: “TANAP-la Azərbaycan qazı Türkiyəyə nəql olunur və bu bazara ildə 6 mlrd kubmetr qazın nəqli nəzərdə tutulub. Beləlikə, biz Türkiyə bazarında əsas qaz tədarükçülərindən birinə çevrilirik. Bu isə ölkə iqtisadiyyatına kifayət qədər valyuta daxil olmalarının təminatçısı olacaq. TANAP-ın davamı olaraq Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın “Şahdəniz” yatağında hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bütövlükdə Cənub Qaz Dəhlizi ilə 16 mlrd kubmetr qazın nəql olunması Azərbaycanın iqtisadiyyatına milyardalarla dollar daxilolmanı təmin edəcək”.

Ekspert qeyd edib ki, hətta bu gün enerji daşıyıcılarının qiyməti aşağı olsa da, Azərbaycanın əsas valyuta daxilolmaları enerji daşıyıcılarının ixracı ilə bağlıdır: “Ona görə sırf iqtisadi cəhətdən baxdıqda həm büdcə daxil olmaları, həm ÜDM, həm də tədiyyə balansının tarazlaşdırılması baxımından bu layihənin reallaşdırılması Azərbaycan iqtisadiyyatı üçün böyük iqtisadi dividendlər verməkdədir”.

Bənzər yazılar

Back to top button