DünyaManşetSiyasət

Qərb ölkələrinin Rusiya və İranla bağlı ən böyük səhvi (ŞƏRH)

“Dünyada hibrid, assimetrik “müharibələrin” qızışdığı dövrdə dövlətlər təsir vasitəsi və “silah” kimi sanksiyalardan daha geniş istifadə etməyə başlayıblar. ABŞ və Avropa Birliyi bu “silahdan” daha geniş istifadə edir, amma əldə edilən nəticələr saknsiya siyasətinin effektivliyini sual altına qoyur. Sanksiyalar müxtəlif səsbəblərdən elan edilir, əsasən də, ilk baxışdan cəlbedici görünən haqq və hüquqlar çətiri altında iqtisadi-siyasi maraqlar təmin edilməyə çalışılır”.

Bu sözləri REAL partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli bildirib. Natiq Cəfərli hesab edir ki, Qərb ölkələrinin Rusiya və İrana qoyduğu sanksiyalar effekt verməyib:

“Dünyada ən çox sanksiya tədbiq edilən iki ölkə var (Şimali Koreyanı çıxsaq, o klassik anlamda ölkə deyil, tarixi hadisələrin və böyük güclərin savaşı nəticəsində yaranan anlaşılmazlıqdır) – Rusiya və İran. Bəxtimiz elə “gətirib” ki, hər iki ölkə bizim ən böyük qonşumuzdur, hər iki ölkə hələ də Azərbaycanın müstəqilliyini və dövlət olmasını həzm edə bilməyən dövlətlərdir. Kollektiv Qərbin hər iki ölkəyə qarşı sanksiya siyasəti, açığı, fiaskoya uğrayıb, effekt vermir, tam tərsi, hər iki ölkənin daxilində anti-Qərb “koalisiyasının” yaranmasına səbəb olur, nəticə etibarı ilə də hər iki ölkədə əsən “anti-Qərb” küləyi, istər-istəməz, Azərbaycana da təsir edir.

Kollektiv Qərbin Rusiya ilə münasibətlərinin əla, sonra isə yaxşı olduğu 90-cı illərdə Rusiyada olan liberal ab-hava Azərbaycana da müsbət təsir edirdi. Yəni, Qərblə Rusiyanın daha sıx əməkdaşlıq etməsi, daha yaxın olması Şimal qonşumuzun davranışlarına da müsbət təsir edirdi. Başqa sözlə desək, sanksiya qoymaqdansa daha sıx əməkdaşlıq etmək Rusiyanın müsbət anlamda dəyişməsinə xidmət etmiş olardı. Bu anlamda qırılma nöqtəsi 2007-ci ildə Münhendə baş tutan Təhlükəsizlik Konfransı oldu. Putin son 7 illik hakimiyyəti dövründə Qərblə bütün yaxınlaşma cəhdlərinin boşa çıxdığını elan edib, əməkdaşlıqdan konfrantasiyaya keçidin baş verəcəyini söylədi. Səbəb kimi də NATO-nun Şərqə genişlənməsini, Rusiyanı hər addımda alçatmaq istədiklərini söyədi. Putinin haqlı olub-olmadığı başqa mövzudur, amma Qərbin ən böyük səhvi o oldu ki, vaxtından çox-çox əvvəl Rusiyanı “dəfn” edib, bütün addımlarını Kremli yox sayaraq atmağa başladı. Nəticədə Kreml daha da aqressivləşdi, əvvəl Gürcüstanda, sonra isə Ukraynada açıq hərbi müdaxilələrlə özünün “arxa baxçası” saydığı keçmiş SSRİ respublikalarında at oynatmağa başladı. Qərb isə kənardan gözünü döyməklə yetindi, bəyanatlar səsləndirdi, nə Gürcüstana, nə də Ukraynaya ərazi bütövlüyünün bərpası ilə bağlı əməli kömək edə bilmədi – yəni, Rusiya ilə birbaşa hərbi toqquşmadan çəkindi, elə də olmalı idi: Nüvə silahı olan ayı ilə başqa necə davrana bilərdilər ki?! Yaxşı, əgər Kreml ilə birbaşa hərbi toqquşmanın mümkünsüzlüyünü öncədən görürdülərsə, o zaman Rusiyanı uzaqlaşdırmaqdansa daha yaxına çəkib, daha sıx əməkdaşlıq edib, dost qucağında sıxmaq daha doğru olmazdımı?! Qərbin Beyin Mərkəzləri ciddi səhv etdilər – onlar məsələyə kitabla, elmi tezislərlə yanaşdılar, amma rus cəmiyyətinin kodlarını çözə bilmədilər. Sanksiyalar Rusiyanı həm iqtisadi, həm də siyasi anlamda zəiflətmədi – əksinə, cəmiyyətin Putin rejimi ətrafında daha sıx birləşməsinə, liberal çevrənin daha da marginalaşmasına, qərbyönümlü baxışların xəyanətə bərabər sayılmasına səbəb oldu. Rusiya aqrar sektorunu, müdafiə sənayesini, hətta elmi tutumlu informasiya texnologiyaları və səhiyyə sahəsini də inkişaf etdirməyi bacardı. Deməli, sanksiyalar yolu səhv idi, münasibətləri dalana dirədi və Kremlin ətraf ölkələrdə daha cəsarətli və aqressiv olmasına yol açdı.

Eyni məsələ İrana da aiddir – İran böyük tarixi olan dövlətdir, əhalisinin 67%-i 40 yaşına qədər olan gənclərdən ibarət toplumdur. 1979-cu ildə elə Qərbin özünün iştirakı ilə (Fransa – Britaniya qarşıdurmasında rəsmi Parisin rəsmi Londonun acığına tutduğu mövqeyə görə) İslam İnqilabı qalib gəldi, İranda dünyəvi rejim dəyişdi. Əməkdaşlıq əvəzinə sanksiyalar yolu tutan Qərb, 42 ildir İranı zəiflədə bilmədi, hərbi müdaxiləyə də çox yaxşı ki, getmədi, çünki İran nə İraq, nə Suriya deyil, bütün bölgə qan çanağına dönərdi, nəticədə çox böyük proqressiv potensialı olan İran cəmiyyəti anti-Qərb ideologiyası ətrafında daha da sıx birləşdi, teokratik rejim daha da gücləndi. Kollektiv Qərb anlamadı ki, bu tipli sistemlərdə xarici düşmən daxili konsalidasiyanı gücləndirən amilə çevrilir. İran cəmiyyətinin, gəncliyinin dəyişmək həvəsinə məhz Qərbin tutumu mane oldu-olur – çünki istənilən proqressiv düşüncə sahibləri həmən “agent” çıxarılıb təqiblərə məruz qalırlar. Düşünürəm ki, Kollektiv Qərb İranla bağlı siyasətini kökündən dəyişməli, sanksiyaları ləğv edib İranın açılmasına, inteqrasiyasına dəstək olmalıdır. Nəticədə biznes əlaqələrinin inkişafı, genişlənməsi ölkədə davranış qaydalarından tutmuş, ideoloji təmələ qədər hər şeyin dəyişməsinə səbəb olacaq. İran məsələsində də sanksiyalar dalana dirənib”.

Ekspertin fikrincə, Qərb Rusiya və İranı öz oyun qaydalarına çəkməlidir:

“Fərdi sanksiyalar ola bilər, amma heç bunun da bir önəmi yoxdur, Kollektiv Qərbin hədəfi öz inandığı dəyərlərin daha geniş coğrafiyada bərqərar olunmasıdırsa, bunun yolu sanksiya deyil, daha çox, daha geniş, daha dərin əməkdaşlıqdır. Biznesin öz alqoritmi var, istənilən halda qazanc imkanları və biznes maraqları cəmiyyətlərin və dövlətlərin davranış instinktlərini dəyişməyə qadirdir. Ona görə də, sanksiyalar tərbiqi ilə qarşı tərəfi gücləndirməkdənsə, daha sıx əməkdaşlıqla, daha geniş qucaq açmaqla onları öz orbitinə, öz oyun qaydalarına çəkmək daha məntiqlidir. Və bu bizim – Azərbaycanın da həyatı maraqları çərçivəsindədir, çünki yaxın 10-15 ildə dünya siyasətinin qarşıdurma mərkəzi bizim yan-yörəmizdə olacaq, əgər qarşıdurmadan əməkdaşlığa keçid baş versə, biz bu sürəcdən həm iqtisadi, həm siyasi, həm də demokratik anlamda böyük qazancla çıxa bilərik, təbii ki, əgər buna hazır olsaq, əgər işlək institutlar qura bilsək…”

Bənzər yazılar

Back to top button