Hadisə

Siyasi mühacir yaxınlarına təzyiqlər edildiyini bildirir

Siyasi mühacir Elşən Adil oğlu Abdullayevin ailə üzvlərinə təzyiqlər başlayıb.

Bu barədə Elşən Abdullayev özü məlumat verib.

Onun sözlərinə görə, 2016-ci il dekabr ayının 3-də atası Abdullayev Adil Abdul oğlu və əmisi oğlu Abdullayev Şahin Tofiq oğlunu Sumqayıt şəhər Baş Polis idarəsinə çağrılıblar, Elşən haqqında sorğu, sual etdikdən sonra atasını buraxıblar, ancaq əmisi oğlunu saxlayıblar: “Mənim ailəmə qarşı təzyiqlər mütəmadi olaraq 2017-ci il yanvar ayının 18-də Berlində Azərbaycan səfirliyi önündə “Siyasi məhbuslara azadlıq” akiyasindan sonra baş verib.

2017-ci il mart ayının 31 də Baş Prokurorluğun ağır cinayətlər idarəsinə anam Abdullayeva Gülsənəm Abı qızı və böyük bacım Abdullayeva Təranə Adil qızı qanunsuz olaraq çağrılıblar, hətta gəlmədikləri halda məcbur gətirəcəklərini deyib, təhdid ediblər. Onlar 6 saat qanunsuz olaraq Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində saxlanılıblar. Mənim Avropada erməni lobbisinə qoşulduğumu deyib anam və bacıma təzyiq göstəriblər. Bu dindirmələri aparan müstəntiq Fuad Əhlimanov olub. Bundan sonra aprel ayının 3-də digər bacılarım Abdullayeva Rəna Adil qızı və Abdullayeva Sevda Adil qızı Sumqayıt şəhər prokurorluğuna qanunsuz olaraq çağrılıblar və müstəntiq Emin Qəhrəmanov tərəfindən bir neçə saat saxlanılaraq dindiriliblər. Xəstə atam dəfələrlə polisə çağrılıb, ancaq xəstəliyi ilə bağlı gedə bilmədiyi üçün dəfələrlə evə polis gəlib, mənim fəaliyətimə görə atamdan izahat alıb.  Bu basqılar nəticəsində bütün qohumlarım məndən üz döndərib və heç kim mənimlə əlaqə saxlamağa cəsarət etmir”.

Qeyd edək ki, Elşən Abdullayev 2006-cı ildən ictimai fəal kimi fəaliyyətə başlayıb. 2012-2014-cü illərdə “Unibank”da işləyib. 2015- ci ildə ölkəni tərk edərək Almaniyaya mühacirət edib.

Bənzər yazılar

Back to top button