Hadisə

“İcra başçısı obyektimi məhv edib…” – Əlil ailəsi Taleh Qaraşovdan şikayət etdi (FOTO)

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı əlil ailəsinin obyektini əlindən alıb. Minayə Babayeva Criminal.az saytına müraciət edərək bildirib ki, icra başçısı Taleh Qaraşov şəhərin mərkəzində yerləşən obyektini söksə də, heç bir təzminat ödəməyib.
M.Babayeva deyir ki, əvvəllər Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi 115a saylı ünvanda yerləşmiş “Qığılcım” kiçik müəssisəsi (ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərmişdir) atası Abdullayev Şamil Kərim oğluna məxsus olub. Şikayətçinin sözlərinə görə, həmin ərazi və orada tikilmiş qeyri-yaşayış sahəsi 1995-ci ildən etibarən atasına məxsus olub:

“Həmin obyekt bir neçə il fəaliyyət göstərsə də sonradan həmin obyekti atam işlətmədiyi üçün bağladı və darvazalarını qıfılladıq. 2013-cü ildə həmin qeyri-yaşayış sahəsinə dair çıxarış da alınıb. Həmin qeyri-yaşayış sahəsinin 4 sot həyətyanı sahəsi də var idi və həmin torpaq sahəsi də atama məxsus idi. Biz oranı satmaq qərarına gəldiyimiz üçün darvazanın üstünə “satılır” yazısı və əlaqə nömrəmi də yazmışdıq. 2014-cü ilin yay aylarında təsadüfən Lənkəran şəhərinə gedərkən atama məxsus olan həmin obyektin darvazasının söküldüyünü və içəriyə fəhlələr tərəfindən nəsə daşındığını gördüm. Orada işləyən tanımadığım fəhlələrlə söhbət zamanı onlar mənə həmin yerin yaxınlığında yerləşən “Mədəniyyət Evi”nin yenidənqurulması ilə əlaqədar Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun göstərişi ilə atama məxsus olan obyektin söküləcəyini, həmin vaxt atama məxsus olan həmin obyekti tikinti materiallarının saxlanc yeri kimi istifadə etdiklərini bildirdilər. Atam mənə etibarnamə verdikdən sonra mən həmin məsələ ilə bağlı Lənkəran rayon polis idarəsinə və Lənkəran rayon prokurorluğuna rəsmi ərizə ilə müraciət etdim, bundan sonra məni Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov qəbul etdi. Qəbulda olarkən Taleh Qaraşov cənab Prezidentin göstərişi ilə mənim atama məxsus obyektin də söküləcəyini bildirdi. Mən cənab Prezidentin göstərişinə heç bir etirazımız olmadığını, həmin obyekti satmaq fikrində olduğumuzu və bizə pul kompensasiyası verilməsini istədiyimizi bildirdim. Taleh Qaraşov bizə heç bir halda pul kompensasiyası verilməyəcəyini söylədi, mən ona bu məsələ ilə bağlı cənab Prezidentə şikayət edəcəyimi söylədim, İcra Başçısı Taleh Qaraşov mənə “get kimə istəyirsən şikayət elə” sözlərini deyərək mənimlə kobud danışdı, “nə verirəm onunla razılaş, əks halda heç nə əldə etməyəcəksən” sözlərini dedi”.

M.Babayeva qeyd edir ki, əvvəlcə başçı ilə razılaşmayıb, sonradan ona qarşı heç bir formada mübarizə apara bilməyəcəyini başa düşüb: “Təxminən 1 ay sonra yenidən Taleh Qaraşovun qəbuluna getdim, Taleh Qaraşov mənə atama məxsus həmin obyektin əvəzinə başqa yerdən torpaq sahəsi verəcəyini dedi. Mən məcbur olub Başçının dediyi ilə razılaşdım. Başçı Taleh Qaraşov dəyərindən dəfələrcə aşağı olan ayrı-ayrı yerlərdə bizə 140 kv.metr və 80 kv.metr ölçüdə torpaq sahələri verilməsi barədə sərəncam verdi. 140 kv.metr ölçüdə olan torpaq sahəsini biz 7000 manata başqa bir şəxsə satdıq. 80 kv.metr ölçüdə olan torpaq sahəsində isə obyekt tikmək istəyirdik, həmin vaxt İcra Başçısı Taleh Qaraşovun mənim adıma 26 avqust 2014-cü il tarixli 234 saylı Sərəncamı ilə ayırdığı 80 kv.metr ərazidə olan torpaq sahəsinin yerini Başçının müavini Möhübbət Babayev özü mənə əyani şəkildə göstərdi. Həmin ərazi sərəncama əsasən rayonun Heydər Əliyev prospektində, dəmir yolu xəttinə çox yaxın məsafədə yerləşirdi. Mən həmin yerə təxminən 14 000 manata yaxın xərc çəkib tikinti işləri apardım, obyektin damı vurulan vaxt daşınmaz əmlakın dövlət reyestr xidmətinin və dəmir yolunun əməkdaşları oraya gəlib tikintini dayandırmağımı, həmin ərazinin dəmir yollarının ərazisi olduğunu, həmin yerə boşuna pul xərcləməməyimi, oraya heç bir zaman çıxarış ala bilməyəcəyimi söylədilər. Mən tikintini dayandırdım və bununla bağlı 3 dəfə Başçı Taleh Qaraşovun özünün 2 dəfə isə müavini Möhübbət Babayevin qəbulunda oldum. Bütün qəbullar zamanı həm Başçı, həm də müavini mənə həmin məsələni böyütməməyimi, mənə ya pul kompensasiyası verəcəklərini, ya da başqa bir ərazidən qanuni sənədli torpaq sahəsi verəcəklərini vəd etdilər. Həmin vaxtdan sonra dəfələrlə Bakı şəhərindən Lənkərana Başçının qəbuluna getdim, lakin başçı məni qəbul etmədi. Həmin vaxtdan sonra mən president.az saytına onlayn müraciət etsəm də hal-hazırki vaxtadək mənim müraciətimə baxılmaıbş. 80 kv.metr ölçüdə olan torpaq sahəsini tikdiyim obyekti 6 ildir ki, nə sata bilirəm, nə də ki istifadə edə bilirəm”.

“Atam Şamil uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir, ayağı amputasiya olunub və bu səbəbdən atama mən baxıram, atamla birlikdə Bakı şəhərində yaşayıram. Hər dəfə bu məsələ ilə bağlı Bakıdan Lənkərana getmək mənim üçün çox çətindir. Xahiş edirəm ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən əmlakımızın qanunsuz və əvəzsiz olaraq ələ keçirilməsi, obyektimizdə olan əmlakın talanması ilə bağlı bizə dəymiş maddi ziyanın ödənilsin, obyektin əvəzinə bizə pul kompensasiyası və ya həmin obyektin dəyərinə uyğun qanuni əmlak verilsin. Taleh Qaraşovun və onun müavini Möhübbət Babayevin əməllərinə hüquqi qiymət verilsin”.

Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətinndən iddialara münasibət öyrənmək mümkün olmadı.

Bənzər yazılar

Back to top button