Bizim seçimGündəmSiyasət

Qarabağdakı ermənilərə müraciət edən deputat sərt tənqid olundu: Yersiz və zərərlidir

Politoloq Nəsimi Məmmədli Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyevin Qarabağda yaşayan ermənilərinə koronavirus epidemiyası ilə bağlı etdiyi müraciəti kəskin tənqid edib.

AzToday.az xəbər verir ki, Nəsimi Məmmədli sözügedən müraciəti yersiz və zərərli sayıb:

Nəsimi Məmmədli

Bu müraciətin kimə və hansı məqsədlə ünvanlandığına qısa fikir bildirmək istəyirəm.

– Beynəlxalq auditoriyaya və sülhyaratma missiyasını üzərinə götürən tərəflərə.
– Ermənistanda və qondarma DQ rejimində yaşayan ermənilərə.
– Azərbaycan ictimaiyyətinə.

1. Problemlə bağlı məlumatı olan bütün beynəlxalq qurumlar, dövlətlər və şəxslər məsələnin mahiyyətini çox dəqiq bilir. Belə bir müraciəti oxuyan hansısa beynəlxalq ictimaiyyət nümayəndəsinin fikrinin dəyişəcəyinə zərrə qədər də ehtimal yoxdur. ATƏT-in həmsədr ölkələri 26 ildir bu yöndə danışıqlar aparır və real durumu bilirlər. Belə yanaşmalarla nə torpaqların işğaldan azad edilməsində, nə də ərazi bütövlüyümüzün təmin olunmasında müsbət beynəlxalq dəstək qazana bilərik. Onsuz da ən yüksək tribunalardan, ən yüksək səviyyədə dəfələrlə bəyan edilib ki DQ-da yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onlara ən yüksək hüquqları verməyə hazırıq.

2. Ermənistanda və DQ-da heç bir narahatlığa səbəb olmayacaq. Əminəm ki ermənilər bu müraciəti oxusalar sadəcə həmişəki kimi bic-bic qımışacaqlar. Torpaq əllərində, özünüidarəetməni qurublar, hərbi, siyasi, diplomatik mövqeləri güclü və güzəştsiz davam etməkdədir. Əslində bu gün elə onlara bizim belə müraciətlərimiz sərfəlidir. Bu da “Xalq Diplomatiyası”nın ermənilərə sərf edən bir davamıdır. Onların Azərbaycana münasibəti elə bir səviyyədə aydınlaşıb ki, yüz belə müraciət yox, hətta Qarabağın onlara təhvil verilməsi də qane etmir.

3. Bu müraciət özümüzü aldatmağa yönələn qeyri-peşəkar yanaşmanın nəticəsidir. Biz yenə də xalqımıza aşılamağa çalışırıq ki guya ermənilər bizdən ümid gözləyir. Özlərindən bizə şikayət edirlər. Bizimlə birgə yaşamaq istəyirlər. Cənablar, ermənilər heç vaxt bizdən özlərinə dostluq ummayıblar. Xalqımızı aldatmayın.

Görünür gənc deputat bu məqamda hakimiyyətin diqqətini çəkmək üçün belə bir müraciətin bəlkə də uğurlu olacağını düşünüb. Məncə yersiz və zərərli bir müraciətdir. Psixoloji zərbəsi düşməni deyil bizi vurur. Şəhid ailələrinin yarasını sızıldadır, müharibə iştirakçılarına və qazilərinə mənəvi zərbədir. Guya ermənilərin də qayğısına qaldığını nümayiş etdirmək kimi yersiz davranışdan başqa bir şey deyil.

Həm də T.Gəncəliyev unudur ki, ölkə başçısı parlamentdə “Münhen Konfransı”nda Paşinyanla debatını xatırladaraq bunlara tövsiyə etdi ki, beynəlxalq təsirlərdən çəkinmədən siz məndən daha sərt danışmalısınız.

Əslində T. Gəncəliyev öz növbəsində bir qarabağlı deputat kimi ermənilərə sərt xəbərdarlıq etməliydi. Onların bizim torpaqlarda rahat və təhlükəsiz yaşamasının yeganə şərtinin Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olmaqdan keçdiyini hər fürsətdə xatırlatmalıydı.

Digər qarabağlı deputatlarla birlikdə təmas xəttinə yaxın ərazilərdə ən sıx məskunlaşan məcburi köçkünlərin qayğsına qalmaq, onlara müraciət etmək daha doğru olardı.

Son olaraq, ölkə rəhbərliyini “Qarabağın azərbaycanlı icması”nı ləğv etməyə çağırıram. Ümumiyyətlə bu icmanın mövcudluğu diplomatik danışıqlarda bizə əlavə problemdir”.

Qeyd edək ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev son açıqlamasında Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvlərinin (təhlükəsizlik baxımından adlarını açıqlamır) seçkili nümayəndə kimi ona müraciət ediblər:

“Ermənilər deyib ki, Dağlıq Qarabağda kəskin respirator infeksiyaya və pnevmoniyaya yoluxmuş şəxslərin sayı artıb. Səhiyyə infrastrukturu acınacaqlı vəziyyətdədir, testlər yoxdur, tibbi heyət çatışmır. Ermənistan və qondarma rejim koronavirusa yoluxma hallarını əhalidən gizlədir”.

T.Gəncəliyev isə Dağlıq Qarabağın erməni icmasına açıq müraciət də ünvanlayıb:

“Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button