İqtisadiyyat

4 milyon insanın işsiz qalması gözlənilir: Kreml bu yükün altından necə çıxacaq?

“Əslində sanksiyalarla bağlı olaraq iş yerlərinin bağlanması, xarici şirkətlərin getməsi nəticəsində may ayının sonu iyun ayının əvvəlində Rusiya üzrə 4 milyon insanın işsiz qalması gözlənilir. Bu kifayət qədər böyük bir rəqəmdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Moskva meri Sergey Sobyanin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra xarici şirkətlərin Moskvanı tərk etməsindən sonra 200 min insanın işsiz qalması ilə bağlı olaraq hökumətin əhalini dəstəkləmək üçün 41 milyon dollarlıq proqramından danışarkən deyib. Ekspert bildirib ki, bu, həm büdcəni, həm də sosial gərginliyi artıran faktordur:

“Bu, həm də büdcənin üzərinə əlavə yüklər gətirəcək. Buna Rusiya dözəcək, ya yox? Bu, artıq Rusiyanın aldığı qərarlardan asılıdır. Yəni, Ukrayına müharibəsinin nə vaxt bitməsindən, sanksiyaların yumşaldılmasından. Hələlik Rusiyanın valyuta ehtiyatları var. Müəyyən aylar, yəni, bir neçə aylıq valyuta ehtiyatları Rusiyanı idarə etməyə, yəni iqtisadiyyatdakı təlatümləri, yanğınları söndürməyə yetərlidir”.

Natiq Cəfərlinin fikirincə, bu ilin sonuna vəziyyət daha da çətinləşəcək:

“Gələn ilin gəlirlərində isə daha da problemlər gözlənilir. Çünki bəzi sanksiyalar var ki, qəbul olunub, amma yerinə yetirilməyib. Məsələn, kömür ilə bağlı sanksiyalar iyun aylarında qüvvəyə minəcək, qaz alışları azalacaq və s. Bu sanksiyalar davam etdikcə Rusiyanın valyuta gəlirləri də azalacaq və təbii ki, işsizliyin artması, gəlirlərin azalması Rusiyada müəyyən ciddi, sosial gərginliyin yaranmasına səbəb ola bilər. Və yəqin ki, səbəb olacaq da. Amma hər şey Rusiyanın yaxın zamanlarda atacağı addımlardan asılıdır. Əgər Ukraynada hər hansı bir müqavilə imzalanarsa, müəyyən sabitlik yaranarsa, müharibə ilə bağlı faktorlar arxa plana keçərsə, müəyyən sanksiyaların yumşaldılması mümkündür”.

Ekspert hesab edir ki, sanksiyalar tam götürülməyəcək:

“Amma yumşalması mümkündür. Bu da Rusiya üçün indiki durumdan çıxamağa müəyyən kömək və dəstək ola bilər”.

Qeyd edək ki, Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra xarici şirkətlərin Moskvanı tərk etməsi 200 min insanı işsiz qoyub. Mer deyib ki, hökumət əhalini dəstəkləmək üçün 41 milyon dollarlıq proqram başladıb. Bu vəsait ilk növbədə işini dayandırmış və ya Rusiyanı tərk etmək qərarı vermiş şirkətlərin işçiləri üçün nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button