Siyasət

“Azərbaycan və Ermənistan bir-birinə yaxınlaşmağa hazırdır” – Rusiya XİN

Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü baş tutacaq, həmçinin bu həftənin sonuna kimi Xarici İşlər Nazirliyi vasitəsilə Bakıda təmasların aparılması planlaşdırılır.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat qeyd edib ki, Rusiya üçtərəfli sazişləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin ən yüksək səviyyədə irəliləyişinin əsası hesab edir və Bakı və İrəvanla bütün istiqamətlərdə, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində fəal işi davam etdirir:

“Kommunikasiyaların bloklanması məsələləri aprelin 26-da Aleksey Overçuk (Rusiya Baş nazirinin müavini – red.) ilə Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev – red.) arasında baş tutan görüşdə müzakirə olunub. Həmçinin Ermənistan və Azərbaycan tərəfləri ilə yaxın vaxtlarda baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun növbəti görüşünün keçirilməsi razılaşdırılıb. Sərhəd məsələlərinə gəlincə, bu həftənin sonuna kimi Xarici İşlər Nazirliyinin xətti ilə Bakıda təmaslar planlaşdırılır”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Rusiya tərəfi Azərbaycan və Ermənistanın bir-birinə yaxınlaşmağa hazır olduğunu qeyd edir, bu mövzuda üçtərəfli əlaqələr yüksək səviyyədə işlənir.

“Nəticə verən formatlarda real iş göz qabağındadır. Bu və ya digər şəkildə biz mövcud formatlarda qalırıq, görürük ki, orada iş gedir. Biz birlikdə real nəticə verən sənədlərin formatlarına və həyata keçirilməsinə əsas əhəmiyyət veririk. Bu nəticəni mülki şəxslər, təsərrüfat subyektləri, bütövlükdə region hiss edir”, – deyə Zaxarova çıxışını yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button