DünyaManşet

Rusiya casuslarının – kəşfiyyatçılarının tənəzzülünün səbəbləri

Putinin ağlı və RF-də yeni “satqınlıq” anlayışı haqqında

Son illər Rusiya xüsusi xidmətlərinin işi mem və lətifələrin tükənməz mənbəyinə çevrilib. Əsl “çekizt” kultunun müşahidə olunduğu, prezidenti isə KQB-dən gələn ölkədə kəşfiyyatın və əks kəşfiyyatın açıq-aşkar qeyri-peşəkarlığının səbəbini Amerikanın Jamestown Foundation və Center for European Policy Analysis (CEPA) Analitika Mərkəzinin eksperti Kseniya Kirillovadan soruşmaq qərarına gəldik.

Sual: Sizcə Rusiya xüsusi xidmətləri həqiqətən də bu gün hesab olunduğu qədər qeyri-peşəkardır, ya qalan tamamilə səriştəli işi gizlətmək məqsədi ilə bizə yalnız hansısa səthi hadisələr məlum olur?

Cavab: Əslində istənilən xüsusi xidmətləri layiqincə qiymətləndirməmək kifayət qədər təhlükəlidir, Rusiya Federal Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin isə köhnə KQB məktəbindən kifayət qədər böyük təcrübəsi var. Rusların bu gün də ayrı-ayrı əməliyyatların öhdəsindən gələ biləcəyinə şübhə etmirəm. Bu, xüsusən hakerlərin digər ölkələrdə sabitliyi pozmağa yönəlmiş fəaliyyətinə, müxtəlif təxribat xarakterli “informasiya əməliyyatlarına” və ya xarici siyasətçilərin cəlb edilməsinə aiddir. Amma ümumillikdə Rusiya xüsusi xidmətləri həqiqətən tənəzzülə uğrayır və bu, bütün səviyyələrdə özünü büruzə verir.

Qeyri-peşəkarlıq səviyyəsinə görə məşhur “Petrov və Boşirovu” keçməyin mümkün olmadığı düşünüldüyü bir vaxtda müxalifətçi Aleksey Navalnının FTX-də onu zəhərləyənlərdən biri ilə məşhur söhbəti ortaya çıxdı. Bu fonda Rusiya kəşfiyyatının artıq sifarişli qətllərlə deyil, “casusluqla” bağlı digər uğursuzluqları, demək olar ki, gözdən qaçdı. Məsələn, təkcə son bir ildə İtaliya, Almaniya və Polşada kuratorlarına məxfi məlumatları ötürən Rusiya casusları həbs edilib.

Bir neçə ildir “Ukrayna diversiyaçılarına” qarşı işləri saxtalaşdıran Rusiya əks-kəşfiyyatının vəziyyəti də heç də yaxşı deyil. İlk belə cəhd 2016-cı ilin avqustunda olub, ruslar “Ukrayna casuslarını” işğal edilmiş Krımda atışma təşkil etməkdə ittiham etməyə çalışıblar. Bu zaman onlar həmin ərəfədə hətta Krım məmurlarının özlərinin belə atışmanın müqavilə əsasında xidmət göstərən sərxoş ruslar tərəfindən təşkil edildiyini yazdıqlarını, DİN-in isə onların tutulması üçün təlimat göndərdiyini nəzərə almayıblar. Cinayət işlərinin saxtalaşdırılmasındakı uğursuzluğun apofeozu bu yaxınlarda, FTX-nin iddiasına görə, Vladimir Solovyov və digər Rusiya təbliğatçılarına qarşı sui-qəsd hazırlayan növbəti “diversiyaçıların” saxlanılması səhnələri oldu.

Saxtakarlıq Sovet KQB-si veteranlarının diqqətini cəlb edib, onlar plastik şüşələrdə “Molotov kokteylləri” və saxlanılanlardan birinin kitabında ithaf yazısında imza yerinə “imza aydın deyil” sözlərinin yazıldığını görüblər. Veteranlar qeyd edirlər ki, “xüsusi xidmətlərin peşəkarlığında bu səviyyədə tənəzzülü təsəvvür etmək qeyri-mümkündür”. Keçmiş zabitlərin fikrincə, bu, yalnız “dəlili” saxtalaşdıran əməliyyatçının rəisin imzanı aydın olmayacaq şəkildə atmaq əmrini həddindən artıq hərfi mənada başa düşdüyü halda ola bilər.

Sual: Bu, həqiqətən də, ağlasığmaz səviyyədə axmaqlıq və səriştəsizliyin səbəbi nə ola bilər?

Cavab: Gəlin, ən əsas məsələdən başlayaq. Müasir Rusiyada siyasi sistem özü və qərarların qəbulu sistemi elə qurulub ki, bu vəziyyətdə normal kəşfiyyatın və əks kəşfiyyatın mövcudluğu, demək olar ki, mümkün deyil. Kəşfiyyatçının işinin mahiyyəti nədən ibarətdir? İlk növbədə, nəyin bahasına olursa olsun, həqiqəti öyrənməkdən. Əslində kəşfiyyatçı başqa bir dövlətin ondan gizlətmək istədiyi həqiqət naminə həyatını və azadlığını riskə atan insandır. Və əslində məhz bu çətinliklə əldə edilmiş və dəfələrlə yoxlanılmış həqiqət ölkə rəhbərliyinin qəbul etdiyi qərarların əsasını təşkil etməlidir. Müasir Rusiyada biz bunun əksini görürük. Hələ 2014-cü ildə mən demişdim ki, Rusiya təkcə KİV-lərin deyil, XİN, Müdafiə Nazirliyi və hətta kəşfiyyat da daxil olmaqla, bütün dövlət institutlarının işi dövlət yalanının bələdçisi, təbliğatın leqallaşdırılması alətlərindən biri olmaqdan ibarət olan qalib təbliğatlar ölkəsidir.

Sual: Deməli, kəşfiyyatın əldə etdiyi məlumat qərarların qəbuluna təsir etmir?

Cavab: Tamamilə doğrudur. Rusiyanın Ukraynaya qarşı müharibəsinin nümunəsində görünür ki, qəbul edilən bu qərarın mənbəyi obyektiv məlumatın təhlili deyil, Putinin şəxsi ambisiyalarına və həyatdan uzaq psevdotarixi konstruksiyalara əsaslanan Ukrayna dövlətinin mövcud olmaması barədə qeyri-sağlam, fanatik əqidəsi təşkil edir. İşğalın bütün digər səbəbləri ayaqüstü saxtalaşdırılır, daim bir-birinə zidd olur. Əslində hazırda bütün dövlət maşınının məqsədi Rusiya prezidentinin sərsəm fikirlərini rasionallaşdırmaqdan və onlara müəyyən məntiqlilik görüntüsü verməkdən ibarətdir.

Bu, Rusiya hakimiyyətinin bu gün də “xüsusi əməliyyatın” məqsədlərini müəyyən edə bilməməsindən, gah “Donbass xalqını” qorumaq zərurətindən danışmasından, gah ABŞ-ın dünyada üstünlüyünə qarşı mübarizə elan etməsindən, gah da Rusiya ərazisində hansısa münaqişənin qarşısını almaq zərurətindən bəhs etməsindən çox yaxşı görünür. Müvafiq olaraq Rusiya rəhbərliyinə sadəcə həqiqət lazım deyil, o, öz yalanına yeni-yeni əsaslandırmalar uydurmağa və kəşfiyyatın gerçək məlumatları da daxil olmaqla, bu yalana zidd olan hər şeyə qarşı mübarizəyə köklənib. Kremlə “ştirlislər” lazım deyil, ona öz sərsəm ideyalarının bəraəti lazımdır.

Sual: Elə bir vəziyyət yarana bilər ki, kəşfiyyatçılar özləri Rusiya təbliğatına inansın?

Cavab: Ola bilər, amma bu, məhz onların qeyri-peşəkarlığını göstərir. Bu sahədə peşəkarlıq anlayışının mahiyyəti məhz həqiqəti yalandan ayırd etmək bacarığıdır. Təbliğata vətəndaşlar inana bilər, amma peşəkarlar əslində nə baş verdiyini bilməyə bilməz. Vaxtilə mən belə bir ifadə işlətmişdim: “Rusiyada peşəkar analitik və ya kəşfiyyatçı dissidentdən nə ilə fərqlənir? Dissident həqiqətə inanır, peşəkar isə onu dəqiqliyi ilə bilir”. Bir insan həqiqətən gördüyü işi anlayırsa, o, real mənzərəni başa düşür və sadəcə olaraq təsir edə bilmədiyi çılğınlıqda iştirak etməkdə məna görmür.

Sual: Real mənzərədən danışmışkən, bugünki Rusiyanın bütün problemlərinin və onun Qərblə qarşıdurmasının bütünlükdə onun öz əməllərinin və Putinin ağlındakı xəyali konstruksiyaların nəticəsi olduğunu demək olar?

Cavab: Əlbəttə, dövlətlər arasında qarşıdurma və rəqabət tamamilə real təzahürdür və bunu istənilən peşəkar təsdiq edər. Məhz buna görə dünyanın istənilən ölkəsinin xüsusi xidmətlərə ehtiyacı var. Amma bu qarşıdurmanın məqsədi, metodları və miqyası, həmçinin konkret hadisələrin təbii və qeyri-təbii səbəbləri əslində heç də Putinin ağlındakı kimi deyil.

Sadə dillə desək, Rusiyanın Ukraynaya qarşı hələ 2014-cü ildə başlayan təcavüzü olmasaydı Ukraynalılar heç vaxt Rusiyaya belə düşməncəsinə yanaşmazdılar və ya NATO-ya can atmazdılar. Amerika, öz növbəsində, Rusiyanın öz əməlləri ilə bütün mövcud dünya nizamını məhv etməyə çalışdığını anlamasaydı, heç vaxt Ukraynaya belə fəal kömək etməzdi. Həm də Ukrayna özü fəal şəkildə kömək istəyir və dünya ictimaiyyəti təcavüz qurbanının iradəsinə məhəl qoymaya bilməz. Bir sözlə, bu gün Rusiya ətrafında baş verən proseslərin əksəriyyəti Ukraynanın və Qərb dünyasının Moskvanın öz əməllərinə reaksiyası ilə şərtlənib.

Və Putinin ən mühüm problemlərindən biri də budur: o, öz əməllərinin səbəb-nəticə əlaqələrini və nəticələrini başa düşmək iqtidarında deyil. Bu nəticələri görmək üçün kəşfiyyatçı olmağa ehtiyac yoxdur – sadəcə olaraq beynəlxalq jurnalistika, geosiyasi analitika və ya adi sosiologiya sahəsində peşəkar olmaq kifayətdir. Xarici qarşıdurmanın səbəblərini beynəlxalq siyasət sahəsi ilə yaxından-uzaqdan əlaqəsi olan istənilən insan adi gözlə görə bilər. Mən hətta ABŞ-da bu və ya digər qərarların necə qəbul edildiyini və nə ilə şərtləndiyini yaxşı görürdüm, baxmayaraq ki, mənim heç vaxt bu məsələləri xüsusi olaraq araşdırmaq vəzifəm olmayıb. Ekspertlərin arasındasansa, bəzi şeyləri anlamaya bilməzsən.

Peşəkar kəşfiyyatçı belə məqamları xüsusilə görməlidir. Amma Putinin təfəkkür sistemində nə ayrı-ayrı insanların, nə digər xalqların subyektivliyi yoxdur. O, onları öz geosiyasi oyunlarındakı obyektlər kimi görür. Müvafiq olaraq, Putin ayrı-ayrı insanların və ya bütünlükdə xalqların iradəsinin təzahürü ilə bağlı obyektiv prosesləri başa düşmək iqtidarında deyil. Bundan başqa, Rusiya rəhbərliyi nəinki öz əməllərinin nəticələrini görmür, həm də bu əməllərin törədilməsi faktını inkar edir. Amma məhz bu əməllər Rusiyanın öz təhlükəsizliyinə inanılmaz zərər vurur.

Sual: Belə çıxır ki, bu anlayış olmadan istənilən digər kəşfiyyat məlumatları mənasızdır?

Cavab: Belə də demək olar. Məhz öz əməllərinin nəticələrini nəzərə almaq bacarığı Rusiyanın təhlükəsizliyi üçün istənilən digər məlumatdan daha çox əhəmiyyətli olan məlumatdır. Yeri gəlmişkən, bu məlumatı əldə etmək üçün qanunu pozmaq da lazım deyil – o, istənilən düşünən insan üçün aydındır. Amma Putin üçün dünya mənzərəsi sabitdir, o inanır ki, “heç nəyə baxmayaraq, Rusiyanı məhv edəcəklər”, bu isə qətiyyən əsl mənzərəni əks etdirmir. Xaricdə işəyən peşəkarlar Rusiya rəhbərliyinin əsl gerçəkləri anlamaqdan nə qədər uzaq olduğunu görməyə bilməz. Az da olsa ağlı və vicdanı olan insan belə bir sistemə işləyə və hər gün reallıqla təzad yaşaya bilməz. Nəticədə insanlar ya başqa tərəfin casusu olur, ya da, ən yaxşı halda, sadəcə olaraq kəşfiyyatı tərk edir.

Belə mənfi seçim nəticəsində xidmətdə yalnız istənilən əmri yerinə yetirməyə hazır olan ən ağılsız və ya prinsipsiz insanlar qalır. Onlar konkret texnologiyaların oğurlanması, haker hücumları, məqsədyönlü qətllər, yeni mümkün sanksiyalar haqqında məlumat almaq və s. kimi ayrı-ayrı əməliyyatların öhdəsindən gələ bilərlər. Amma Rusiya dövlətinin ümumi fəlakətli siyasəti fonunda bu məlumat çox cüzi əhəmiyyətə malikdir. O, vəziyyəti dəyişdirmək və Rusiyanın öz rəhbərliyinin ölkəyə vurduğu ziyanı düzəltmək iqtidarında deyil.

Sual: Maraqlıdır ki, bu fonda Rusiyada tam bir kəşfiyyat kultu yaradılır…

Cavab: Yeri gəlmişkən, bu kultun təbliğatçılarından biri, keçmiş casus, hazırda isə Rusiyanın bütün təbliğatçı TV-şoularının daimi iştirakçısı Andrey Bezrukovun özünü necə apardığı çox maraqlıdır. Son vaxtlar o, faktiki olaraq müasir Rusiya faşizminin apologetlərindən birinə çevrilib. Hələ Ukraynanın işğalından əvvəl o, bu müharibəni təşviq edir, “Qərbi Ukraynanın sərhədlərinə qədər gedib çatmağı” məsləhət görürdü, indi isə həm Ukraynanın, həm də bütün Qərb sivilizasiyasının tamamilə insanlıqdan çıxarılması ilə məşğuldur, həm də Rusiyanın planetin “anglo-sakson boyunduruğundan” azad edilməsi üzrə tarixi missiyası haqqında şizofren nəzəriyyələr irəli sürür. Üçüncü Reyx tərzindəki bu təbliğata aludə olan Bezrukov özü tez-tez öz bəyanatlarına zidd fikirlər səsləndirir.

Çətin ki, başqa kimsə kəşfiyyatı və onunla bağlı olan hər şeyi radikal faşist təbliğatı ilə bir araya sığdırmaqla bu dərəcədə nüfuzdan sala bilsin. Qorxuram, bundan sonra Rusiyada bu anlayışları onilliklərlə “təmizləmək” mümkün olmayacaq. Yeri gəlmişkən, məndə olan məlumata görə, Rusiya xüsusi xidmətlərinin keçmiş əməkdaşları da bunu başa düşürlər, hətta əksərən keçmiş təbliğatçı həmkarlarına yaxınlaşmaqdan çəkinirlər.

Sual: Bu tənəzzül proseslərinin Rusiya əks kəşfiyyatına da təsir etdiyini demək olar?

Cavab: Əlbəttə. Əks kəşfiyyatda da eyni mənfi seçim sxemi işləyir, işə xüsusi intellekti olmayan, vicdan yükü daşımayan və istənilən əmri yerinə yetirməyə hazır olan insanlar seçilir. Həqiqətin axtarışı bu insanları da eyni dərəcədə maraqlandırır, çünki onların vəzifəsi dövlət təhlükəsizliyinə olan təhdidləri araşdırmaq deyil, iki istiqamətdə həyata keçirilən repressiyalardır.

Adi insanlara qarşı repressiyaların əsasını sifarişlər təşkil edir, istənilən fərqli düşünən şəxs repressiyaya məruz qala bilər. Daha yüksək vəzifəli şəxslərə gəlincə, dövlətə xəyanət ittihamı ilə həbslər çox vaxt xüsusi xidmətlər arasında və ya hətta bir xüsusi xidmətin müxtəlif bölmələri arasında çəkişmələrin nəticəsi olur. Moskvadakı mənbələrim mənə bildiriblər ki, jurnalist İvan Safronovun və sahibkar İlya Saçkovun həbsinə məhz bu əsas olub.

Yeri gəlmişkən, bu gün müharibənin fəal təbliğatçısı olan bir Moskvalı ekspert bir neçə il əvvəl mənə açıq şəkildə demişdi ki, Rusiyada əks kəşfiyyat yoxdur, yalnız siyasət var. Sadə dillə desək, Kreml qüllələrinin müharibələrində uduzan klanlar və ya onlarla əlaqəsi olan insanlar, çox vaxt casuslar dövlətə xəyanət işlərində günah keçisi olur. Bu zaman Kremldə yaxşı bilirlər ki, bir neçə ildir ki, Rusiyadan məxfi məlumat problemsiz şəkildə Qərbin araşdırma mərkəzlərinə sızır. Bununla belə, bütün bunlar gizlicə siyasi qarşıdurmaların normal forması hesab olunur.

Sual: Belə çıxır ki, Kreml xəyanətə göz yummağa hazırdır?

Cavab: Bu şəxsən Putinə xəyanətə aid deyilsə – bəli. Bunun səbəbi, kəşfiyyatda da olduğu kimi, əsl həqiqətin heç kimə maraqlı olmamasındadır. Bundan başqa, biz artıq dedik ki, Rusiya xüsusi xidmətlərinə seçimin əsas meyarı şəxsən Putinə qarşı loyallıqdan başqa hər şeydə alçaqlıq, yəni nəticəsi haqqında düşünmədən istənilən, ən iyrənc və qeyri-insani əmri belə yerinə yetirməyə və istənilən yalanı yaymağa hazır olmaqdır. Bu cür insanların asanlıqla iş yerlərindəcə öz həmkarlarına xəyanət etməsi tamamilə məntiqlidir. Mən özüm öz təcrübəmdə belə hallarla qarşılaşmışam.

Bu halda satqınlıq, qətllər, uğursuzluqlar, geniş yayılmış korrupsiya və digər məsələlər “bağışlanan nöqsanlardır”, bu əsas “ləyaqətin” – hərtərəfli prinsipsizliyin təbii davamıdır. Kreml isə, öz növbəsində, xidmətçilərinə loyallıq müqabilində istənilən axmaqlığı bağışlayır. Rusiya hakimiyyəti öz əməkdaşlarının cinayətlərinə də ən az bu qədər güzəştlə yanaşır, belə ki, cinayətlərdə iştirak qarşılıqlı məsuliyyət effekti yaradır. Beləliklə, Kremlin fikrincə, iştirakçıların mövcud rejimə loyallığını təmin edir. Məsələn, Buçada və Ukraynanın digər şəhərlərində törədilən qırğında iştirak edənlər indi öz cinayətlərinə görə məsuliyyətdən yayınmaq üçün rejimin hakimiyyətdə qalmasında həddindən artıq maraqlıdırlar.

Sual: Dəlillərin saxtalaşdırılması kimi bu qədər yöndəmsizcə həyata keçirilən əməliyyatların Rusiyanın öz əhalisində inamsızlıq yaradacağı riski yoxdur?

Cavab: Təəssüf ki, yox, çünki vətəndaşlar bu gün istənilən, hətta ən fərsiz təbliğata belə inanmağa hazırdırlar. Hazırda rusların əksəriyyətində daxili rahatlıq hissini qoruyub saxlamağa və onlar üçün dəhşətli olan həqiqətdən uzaq olmağa imkan verən istənilən, hətta ən vəhşi izahları tapmağa böyük daxili psixoloji tələbat müşahidə olunur. Nəyə olursa olsun, inanmağa belə böyük istək olduqda Rusiya hakimiyyətinin keyfiyyətli təbliğat məhsulu hazırlamasına ehtiyac belə yoxdur. Hətta bu gün, təbliğatın bol olduğu bir vaxtda, bəzən məndə elə bir hiss yaranır ki, ona olan tələb təklifi artırır…(turan.az)

Bənzər yazılar

Back to top button