DünyaManşet

“Azovstal” dəniz piyadaları komandiri Ərdoğana müraciət edib

Ukrayna 36-cı dəniz piyadaları briqadasının komandiri Sergey Volınski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək onların “çıxarılmasına” və Türkiyəyə aparılmasına təşəbbüs göstərməyi xahiş edib.

Volınski “Habertürk” TV-yə deyib: “Hörmətli cənab prezident Rəcəb Tayyib Ərdoğan, sizə dəniz piyadaları korpusunun mayoru Sergey Volınski müraciət edir. 65 gündür ki, ard-arda vuruşuruq. Müxtəlif dərəcəli xəsarətlər almış 600 hərbçimiz var, onların köməyə çox ehtiyacı var. Yanımızda yaralanan və sizin yardımınıza ehtiyacı olan mülki vətəndaşlarımız da var. Yüzlərlə dinc sakin və onlarla uşaq “Azovstal” metallurgiya zavodunda təhlükəsizlik axtarışındadır. Ən kiçiyi dördaylıqdır. İndi mən Türkiyə xalqına və prezidentinə müraciət edərək Mariupol qarnizonunu Türkiyəyə çıxarmaq, Türkiyə tərəfdən təhlükəsizliyə zəmanətlə faktiki olaraq bizi “Azovstal”dan çıxarmaq üçün mümkün olan hər şeyi etməyə çağırıram. Biz sizin köməyinizə çox ümid edirik”.

Volınski əlavə edib ki, hazırda “Azovstal”da vəziyyət olduqca ağırdır: döyüşlər səngimir. İşğalçılar hər gün aviazərbələr endirirlər, müxtəlif yerüstü və dəniz artilleriya sistemlərindən atəş açırlar.

Tankların, PDM-lərin və böyük qoşun kontingentlərinin tətbiqilə hücum əməliyyatları aparılır. Bir neçə gün öncə Rusiya işğalçıları səhra xəstəxanasını və əməliyyat otağını dağıdıblar. Hazırda həkimlər hərbi qulluqçulara və mülki əhaliyə tibbi yardım göstərə bilmirlər.

Volınskinin sözlərinə görə, “Azovstal” bunkerlərində yüzlərlə mülki şəxs, o cümlədən 60 uşaq gizlənir.(Turan)

Bənzər yazılar

Back to top button