AnalitikaDünyaManşetSiyasət

Zelenskinin nankorluğu və xəyanəti! – Türkiyə nədən hədəfdədir?

Türkiyənin turizm sektoru Qərbin hədəfindədir

Ukrayna prezidenti Vladimir Zelenski Yunanıstanın ERT İctimai Televizyasına müsahibəsində Türkiyəni ikili standartlarda ittiham edib. Buna səbəb yay turizm sezonu ilə bağlı Rusiyadan gələcək turistlər üçün Türkiyə tərəfinin yeni bir neçə turizm marşrutu hazırlamasıdı. Zelenski fikrini belə ifadə edib: “Türkiyə bir tərəfdən vasitəçi rolunda çıxış edərək, Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən, Rusiya turizmi üçün bir neçə turizm marşrutu hazırlayır. Bu işlər belə ola bilməz. Bu, ikili standartdır! Bu, ədalətli deyil! Mən Türkiyənin diqqətini məhz ona cəlb etmək istəyirəm ki, seçim etmək lazımdır: sizin konkret mövqeyiniz nədir, siz həqiqətin tərəfindəsiniz, yoxsa qarşı tərəfdə?!”

Ukraynada savaş başlayan gündən bəri ziddiyyətli açıqlamaları ilə diqqətimi çəkən Vladimir Zelenski haqqında mənim şəxsi təəssüratım belə formalaşıb ki, bu adam müstəqil siyasətçi deyil. O, Qərb blokunun marioneti olmaqdan nəinki qurtula bilməyib, əksinə, ona tapşırılan siyasi şouları ilə Ukraynanı fəlakətə sürükləməklə yanaşı, savaşın bitməsini istəyən səmimi dostlarını da bu fəlakətin içinə çəkmək istəyir.

Zelenski öz sözlərini demir, başqaları onun ağzı ilə danışır. O, ABŞ-ın, NATO-nun, Baydenin, Consonun və digərlərinin sözçüsü kimi çıxış edir. Onun sözlərinə bir daha diqqət edin: sizin konkret mövqeyiniz nədir, siz həqiqətin tərəfindəsiniz, yoxsa qarşı tərəfdə!? Bir şoumen Türkiyə kimi dünyada söz sahibi bir dövlətlə belə imperativ formada danışmağa cəsarət edə bilməz! Bu, Zelenskinin sözləri deyil. Bu, Qərbin ultimatumudu!

Bəs, məqsəd nədir? Türkiyədən nə istəyirlər?

Bu məqsədi açıqlamadan öncə şoumenin həzm edilməsi mümkün olmayan sözlərinə qısa münasibət bildirim. İlk əvvəl onu qeyd edim ki, Türkiyə ən az min illik dövlətçilik ənənəsi olan bir ölkədi, Ukrayna kimi sonradan yaranma, onun-bunun forpostu olacaq əldəqayırma qurum deyil. Türkiyə öz sözü, özünün müəyyənləşdirdiyi siyasəti olan bir dövlətdir. Bu faktorlar Türkiyəyə mövqeyini özünün müəyyənləşdirməsi üçün əsas verir. Kimsə ona hansı mövqedə olacağını diqtə edə bilməz! Necə ki, Türkiyə Ukraynaya pilotsuz bayraktarları satarkən Rusiya buna qarışa bilməzdi, eynilə Rusiyadan qəbul ediləcək turistlər məsələsində də kimsə ona qarşı çıxa bilməz. Türkiyə öz siyasətini özü müəyyənləşdirir; təbii ki, bu siyasətini formalaşdıranda ilk növbədə qardaşı Azərbaycanın, sonra da tərəfdaşlarının maraqlarını da nəzərə alır. Yəni o, kiminlə siyasət qurursa, bunu vicdanla, ədalətlə və səmimiyyət üzərində qurur.

Zelenskinin “həqiqət” və “qarşı tərəf” kimi ifadə etdiyi fikirlərə gəlincə, istər Türkiyə, istərsə də Azərbaycan rəhbərliyi bu savaş başlamamışdan öncə həqiqətin tərəfində idilər və bu mövqelərini bu gün də qoruyub saxlayırlar. Həqiqət isə ondan ibarətdir ki, bu savaşa əsla gərək yox idi, savaşın qarşısı nəyin bahasına olursa olsun alınmalıdır. Bunu həm sayın Ərdoğan, həm də Azərbaycanın lideri cənab İlham Əliyev ilk gündən bildirirdilər, bu günün özündə də savaşın durması, sülh müqaviləsinin bağlanması üçün əllərindən gələni edirlər. Hər iki lider şox gözəl anlayır ki, Tükiyə və Azərbaycan xalqı kimi ruslar və ukraynalılar da ət və dırnaq kimi bir-birindən ayrılmazdır. Həqiqət həm də ondan ibarətdir ki, imperializmin siyasi kuklası rolunu üstlənən Zelenskinin məsuliyyətsizliyi və siyasi səbatsızlığı ucbatından alovlanan bu savaşda ən çox əziyyət çəkən Ukrayna xalqıdı. Türkiyə və Azərbaycan da məhz əziyyət çəkən bu xalqın yanındadı – həm maddi, həm siyasi, həm də mənəvi cəhətdən.

“Qarşı tərəf” faktoruna gəlincə, heç şübhəsiz, Zelenski Rusiyanı nəzərdə tutur…

Bəli, Rusiya Ukraynanı işğal edir. Bu faktdır! Bir ölkənin silahlı münaqişə yoluyla başqa bir ölkənin ərazisinə girməsi işğal adlanır, bunun başqa adı yoxdur. Ancaq məsələ ondadır ki, Rusiya bu hərbi müdaxiləsində, ən azından 3 ciddi aspektə görə, yerdən göyə qədər haqlıdır:

– Rusiya Ukraynaya hərbi müdaxiləsində siyasi-hərbi aspektə görə haqlıdır. O, öz milli təhlükəsizliyini qoruyur;
– məsələyə tarixi aspektdən yanaşsaq, Rusiya yenə haqlıdır;
– Rusiya bu məsələdə mənəvi aspektdən də haqlıdır. Ukrayna siyasi elitası onu sırtından vurdu!

Məsələyə bu üç prizmadan obyektiv yanaşsaq, faktlara söykənsək, Rusiyanın haqlı mövqeyini görmək o qədər də çətin deyil. Ancaq əfsuslar olsun ki, Azərbaycanın özündə də bəzi insanların (onların sayı heç də az deyil) problemə obyektiv baxışı arxa plana keçir və bunun yerini Qarabağ problemində Rusiyanın vaxtilə tutduğu, ikili standarta əsaslanan mövqeyinin təsiri nəticəsində formalaşan yalnış rəy tutur. Lakin unutmaq lazım deyil ki, nə Putin Rusiyası Yeltsin Rusiyasıdı, nə də Rusiya əvvəlki mövqeyindədi. Ən azından Valday-2019 zirvəsindən sonra Rusiya Azərbaycanla münasibətlərini tamamilə yeni bir müstəvidə qurub və bu, bizim dövlət maraqlarımızla üst-üstə düşür. Təbii ki, situasiyanın bu yöndə dəyişməsində cənab prezidentimiz İlham Əliyevin müstəsna siyasi bacarığı, diplomatiyası və digər üstün cəhətləri böyük rol oynayıb. Sayın Ərdoğanın bu yöndə gördüyü işləri də qiymətləndirmək lazımdır.

Yuxarıda bəhs etdiyim Rusiya-Ukrayna münasibətlərinə dair 3 aspektə geniş şərh vermək fikrində deyiləm. Hazırda toxunduğumuz mövzu bu deyil, həm də yaxın günlərdə fəaliyyətə başlayacaq saytımızda bu məsələlərə dair geniş həcmli yazılarımız, təhlillərimiz olacaqdır. Mövzumuzdan uzaqlaşmamaq üçün qayıdaq Zelenskinin Türkiyəyə qarşı ittihamlarına.

Yuxarıda da qeyd etdiyim kimi, Zelenski Qərb imperializminin marionetidi, onun məlum açıqlaması da Türkiyəni hədəfə gətirməkdi. Təbii ki, Ukrayna prezidentinin bu hərəkəti nankorluq, hətta onun ölkəsinə ən böyük yardımı edən dostuna və qonşusuna qarşı siyasi xəyanətdir! Bunun da üstündən keçək, çünki öz ölkəsini imperialistlərin forpostuna çevirən siyasi kukladan başqa mövqe gözləmək siyasi sadəlövhlük olardı.

İndi gəlin baxaq görək, Türkiyə niyə hədəf alınır? Bunun yalnız bir cavabı var: Qərb dünyasına Türkiyə əvvəlcə SSRİ-yə, sonra da Rusiyaya görə lazım idi. SSRİ artıq yoxdur, Rusiyanı dizə gətirdiklərini düşünürlər və onu da düşünürlər ki, əgər Rusiya bitiriləcəksə, Türkiyəni də bitirmək lazımdır. Çünki Türkiyənin liderliyində türk dünyasının və bura qoşula biləcək Pakistan, İran kimi oxşar mədəniyyətə sahib, eyni dinin daşıyıcılarının birliyinin yaranması Qərb üçün yeni başağrısı ola bilər. Türkiyənin hədəf taxtasına qoyulmasının ikinci və məncə, ən mühüm səbəbi son illərdə Rusiya ilə ikitərəfli siyasi-iqtisadi tərəfdaşlığını genişləndirməsidi. Bu tərəfdaşlıq həm Türkiyənin, həm də Rusiyanın (elə Azərbaycanın və bütövlükdə regionun) maraqlarına uyğundu. Hər iki tərəf anlayır ki, bu iki böyük dövlətin xilası və inkişafı aralarında konfrontasiya yaratmaqdan yox, tərəfdaşlıqdan keçir. Suriyadakı təyyarə krizindən sonra hər iki tərəf bunu anladı.

Qərb sadaladığımız bu səbəblərdən dolayı, Türkiyə-Rusiya yaxınlaşmasından xeyli əndişələnir. Ona görə də müxtəlif bəhanələrlə Türkiyəni Rusiya ilə siyasi və hərbi konfrontasiyaya çəkmək istəyirlər. Bunun mümkün olmadığını gördükdə isə, Türkiyə iqtisadiyyatını çökdürməyi məqsəd olaraq qarşıya qoyurlar.

Zelenskinin məlum açıqlamasında Türkiyə iqtisadiyyatının mühüm sahələrindən biri olan turizm sektoru hədəfə alınıb. Gəlin faktlara istinad edək. Yeraltı sərvətləri o qədər də zəngin olmayan Türkiyədə son 20 ildə turizm sektoruna böyük önəm verildi. AK Parti iqtidarına qədər Türkiyənin dövlət büdcəsinin formalaşmasında turizm sektorunun payı çox az idi – cəmi 1,7 %. 2000-ci ildə Türkiyəni ziyarət edən xarici turistlərin sayı vur-tut 8 milyon nəfər idisə, AK Partinin ilk iki illik iqtidarı dönəmində – 2005-ci ildə bu rəqəm 3 dəfədən çox artaraq 25 milyon nəfərə çatdı. Turizmdən əldə edilən gəlir də xeyli artmış oldu: 2000-ci ildə 3,2 milyard dollar gəlir 5 ildə 6 dəfədən çox artaraq 20,3 milyard dollara çatdı. Dövlət büdcəsinin formalaşmasında da turizmin payı əhəmiyyətli dərəcədə artdı – 2000-ci ildəki 1,7%-dən 2005-ci ildə 4,8 %-ə qədər artmış oldu.

Turizm sektoruna qoyulan böyük investesiya bu sektorun Türkiyə iqtisadiyyatının inkişafındakı roluna da təsir etdi. Turizmə münasib və təbii gözəllikləri olan bir çox yerdə yeni infrastrukturun yaradılması, turistik bölgələrdə tikilən obyektlərin dünya standartlarına cavab verməsi Türkiyəyə xarici turistlərin axınına səbəb oldu. Əgər 20 il öncə qardaş ölkə dünya turizm bazarında yalnız 29-cu yeri tuturdusa, 10-15 il ərzində yürüdülən düzgün siyasət nəticəsində böyük nailiyyət əldə edildi. Artıq 2014-cü ildə Türkiyə turizm bazarında layiqli yerini aldı – dünyada 6-cı, Avropada 4-cü yer. Onu yalnız bu ölkələr qabaqlayırdı: Fransa, İspaniya, ABŞ, Çin və İtaliya. 1-ci yerdə olan Fransa il ərzində 86,7 milyon xarici turist qəbul edirdisə, Türkiyədə bu rəqəm 41 milyondan bir az çox idi. İlk baxışda aradakı fərq çox böyük görünür, ancaq o da nəzərə alınmalıdı ki, artım tempinə görə, Türkiyə hər kəsi qabaqlayırdı. Məsələn, 2013-cü illə müqayisədə 2014-cü ildə cədvəldə ilk 5 yeri tutan ölkələri ziyarət edən xarici turistlərin sayı nəinki artmamış, əksinə, 1,2 milyon nəfər azalmışdı. Türkiyədə isə artım rekord həddə çatmışdı – 5,7 milyon nəfər.
O zaman Türkiyə açıq şəkildə bəyan edirdi: yaxın 5 il ərzində turizm sektorunda ilk 3-ə girmək, 2025-ci ildə isə liderliyi ələ almaq…

Türkiyəni belə bir gəlirli rıçaqdan məhrum etmək üçün Suriyada böyük bir oyun oynandı: Türkiyəyə məxsus F-16 Rusiyanın Su-24 hərbi təyyarəsini vurdu! 2015-ci ildə baş verən bu hadisə nəticəsində qonşu Rusiya ilə münasibətlərdə gərginlik pik həddinə çatdı. Etiraf etmək lazımdır ki, həmin vaxt Putin daha praqmatik mövqe ortaya qoydu, Türkiyə ilə münasibətlərin daha da gərgin xarakter almasında maraqlı görünmədi. Ondan fərqli olaraq, NATO və ABŞ-ın qışqırtması ilə Ərdoğan sərt mövqeyi ilə seçilirdi. Bunun faturasını Türkiyə ağır ödədi. Yenə faktlara müraciət edək. 2014-cü ildə turizmdə rekord səviyyəyə yüksələn Türkiyəni ziyarət edən hər 10 turistdən biri Rusiya vətəndaşı idi. Əldə edilən gəlirdə isə Rusiya vətəndaşları daha artıq səxavətli davranıblar.

Su-24 təyyarəsinin vurulması və Türkiyə siyasi dairələrinin sərt mövqeyi turizm sektoruna ağır zərbə vurdu. 2015-ci ilin sonlarından (24 noyabrda Su-24-ün vurulması hadisəsindən) başlayaraq enişə doğru gedən rus turistlərin sayı 2014-cü ildəki 4,5 milyondan 2016-cı ildə 860 min nəfərə qədər azaldı. 01 yanvar 2016-cı il tarixdə vizasız rejimin qaldırılması da bu məsələdə mühüm rol oynadı.
Bir tərəfdən də FETÖ terrorçu təşkilatının fəallaşması, dövlətin sinir mərkəzlərini ələ keçirməsi və 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhdi turizm sektorunu büsbütün darmadağın etdi. Türkiyəni ziyarət edən xarici turistlərin sayı 1 il ərzində 20 milyon nəfərə qədər azaldı. Türkiyə qısa müddətdə 25 milyard dollar itirdi – həm də bu rəqəm türklərin dediyi kimi sıcaq para, yəni nəğd pul idi.

Kimsə şübhə etmir ki, FETÖ olaylarının arxasında ABŞ dururdu. Elə bu olaylardan sonra, “Türkiyədə vəziyyət qarışıqdı, Amerika vətəndaşlarına bu ölkəyə getməmək tövsiyyə olunur” deyən də Amerika idi. Su-24-ün vurulmasının pərdə arxasında da Amerika dururdu. Baş imperialistin bu oyununa Almaniya, Fransa, Hollandiya və digər Qərb dövlətləri də qoşuldu və nəticədə Türkiyəyə böyük gəlir, həm də sıcaq para gətirən böyük bir sektor – turizm məhv olma təhlükəsi ilə üzləşdi. Təsadüfi deyil ki, bu krizis nəticəsində turizm sektorunda işləyənlərin sayı 2 milyondan 900 min nəfərə qədər düşdü. Ümumi dəyəri 10 milyard yevrodan çox olan 1300 ədəd yüksək səviyyəli otellər satışa çıxarıldı. Ən acınacaqlısı isə, AK Partinin 13 illik hakimiyyəti dönəmində inflyasiya ən yüksək səviyyəyə çıxdı. Belə də olmalı idi. Turizmin iflası iqtisadiyyatın digər sahələrinə də sirayət etmiş oldu, çünki Türkiyə sıcaq paradan məhrum edilmişdi.

Buraxdığı bu səhv qərar Ərdoğana dərs oldu və Qərb imperializminin qəhbə siyasətini sonuna qədər anladı. O, bu krizisdən nəticə çıxararaq, daha müstəqil siyasət yürütməyə başladı. İlk növbədə Rusiya ilə münasibətləri sahmana salmağa çalışdı. Siyasi etika göstərərək, 27 iyun 2016-cı il tarixdə Vladimir Putinə məktub yazdı. Məktubun diqqət çəkən məqamları belədir:

“Россия является для Турции другом и стратегическим партнёром, с которым турецкие власти не хотели бы портить отношения. У нас никогда не было желания и заведомого намерения сбить самолёт, принадлежащий Российской Федерации.
Взяв на себя все риски и приложив большие усилия, мы забрали тело погибшего российского пилота у сирийских оппозиционеров и привезли его в Турцию.

Организация предпохоронных процедур была проведена в соответствии с религиозными и военными процедурами. Вся эта работа была проведена нами на уровне, достойном турецко-российских отношений. Я хочу ещё раз выразить своё сочувствие и глубокие соболезнования семье погибшего российского пилота и говорю: извините! Всем сердцем разделяю их боль. Семью российского пилота мы воспринимаем как турецкую семью. Во имя облегчения боли и тяжести нанесённого ущерба мы готовы к любой инициативе”.

Məktubda həmçinin qeyd olunurdu ki, təyyarənin vurulmasında və rus pilotun ölümündə adı keçən Türkiyə vətəndaşı haqqında cinayət işi qaldırılıb və istintaq gedir. Ərdoğan baş vermiş hadisə ilə bağlı bir daha təəssüfünü bildirir və Rusiya ilə dostca münasibətlərdə maraqlı olduğunu vurğulayırdı.

Bəlkə çoxlarına sayın Ərdoğanın bu addımı qorxaqlıq və geri addım kimi görünə bilər. Lakin bu, ən düzgün yol, siyasi praqmatizm və diplomatiyanın incəliyi idi. Nəticə özünü yubatmadı. Türk düşməni kimi qələmə verilən Putin qətiyyən belə bir adam olmadığını, Türkiyə ilə səmərəli, hər iki tərəfin xeyrinə olan tərəfdaşlıqda maraqlı olduğunu göstərdi. İki dövlət arasında savaş çıxarmaqda maraqlı görünən Qərb dünyası yanılmışdı – Türkiyə və Rusiya tarixləri boyu heç vaxt olmadığı qədər bir-birinə yaxınlaşdı. 2016-cı ilin 2 sentyabr tarixindən başlayan çarter reysləri yenə hər il Türkiyəyə milyonlarca rus turist daşıyır. İndi bu rəqəm il ərzində 9 milyonu keçir və qardaş ölkə bundan 12-15 milyard dollar gəlir götürür. Bundan başqa, iki ölkə arasında digər iqtisadi əlaqələr də genişlənir. Təkcə qeyri-rəsmi ticarət dövriyyəsi (türklər buna bavul ticarəti deyir) 40 milyard dollardan artıqdır.

Bütün bunlar təbii ki, başda ABŞ olmaqla Qərb dünyasını narahat edir. Bu səbəblə də Türkiyə-Rusiya münasibətlərinin pozulması üçün hər yola baş vururlar. Şoumen Zelenskinin məsuliyyətsiz açıqlaması da məhz buna hesablanıb.

2020-ci ilin əvvəllərində Qərb imperializminin ortaya atdığı böyük “koronavirus oyunu” Türkiyə turizm sektoruna ikinci böyük zərbəni vurdu. Bir il öncəki 51 milyon turist sayı 4 dəfədən çox azalaraq 12,7 milyona düşdü. 2021-ci ildə böyük çətinliklə bu rəqəm 30 milyona qaldırıldı. Ekspertlərin hesablamalarına görə, bu il turistlərin sayı yenidən 50 milyonun üzərində olacaq. Çünki bu sahənin inkişafı üçün böyük bir bazar var – Rusiya bazarı. Heç şübhəsiz, əvvəlki illərdə Avropa ölkələrinə – Fransaya, İspaniyaya, İtaliyaya, yunanıstana üz tutan rus turistlər bu il məlum səbəblərdən dolayı Çinə və Türkiyəyə üstünlük verəcəklər. Bax, Türkiyəni bu gəlirli bazardan məhrum etmək istəyirlər. Bunu da şoumen Zelenskinin ağzı ilə söyləyirlər.

Çətin günlərini yaşayan Ukraynaya hər cür əl tutan Türkiyəyə qarşı Zelenskinin bu hərəkətinin bir adı var: NANKORLUQ VƏ XƏYANƏT!!!

P.S. Yeri gəlmişkən, bu gerizəkalıya bir başa salsın ki, Türkiyəni ittiham etdiyinə, öz ərazindən keçən və Rusiyanın qazını, neftini Avropaya daşıyan boru xətlərini bağla də, niyə bağlamırsan? Buna onun cəsarəti çatmaz! Belə edərsə, onu o kresloya oturdanlar ordan qaldırıb, kazığa oturdarlar!

Fərəməz Novruzoğlu, Şərur rayonunun sabiq icra başçısı

Bənzər yazılar

Back to top button