Dünya

Siyasi islamın ritorikası çox sərtləşərkən

Türkiyə dövlət başçısı bu qədər kəskin reaksiyanı əvvəlcə “Müsəlman qardaşlar” təşkilatının Misirdəki lideri və ölkə prezidenti Məhəmməd Mursi 3 iyul 2013-cü ildə devriləndə, sonra 17 iyun 2019-cu ildə həbsxanada vəfat edəndə Türkiyədə 3 gün yas elan edərək göstərmişdi. 2013-cü ilin iyulundan 2018-ci ilin iyununa qədər Türkiyədə Rəbiyyə fırtınası əsdirən Rəcəb Tayyip Ərdoğan dünyaya “Müsəlman qardaşlar” pəncərəsindən baxdığı yaxın dostu Mursinin həbsxanada vəfatına da Misirin hərbi çevrilişlə hakimiyyətə gəlmiş lideri Əbdülfəttah Sisini uzun müddət ağır sözlərlə tənqid etməklə qalmayıb Qahirə ilə bütün münasibətlərə son qoymuşdu.

2015-2018-ci illərdə İslam Əməkdaşlıq Təşkilatına müvəqqəti sədrlik edən Türkiyə böyük ehtimalla Mahmud Abbasdan əlini tamamilə üzərək Fələstin məsələsində gözləmə mövqeyinə keçdi. 2005-2006-cı illərdə HƏMAS-ı Fələstinin siyasi sisteminə adaptasiya etmək məqsədilə aktiv diplomatiya fəaliyyətləri yürüdən Ankara böyük ehtimalla HƏMAS-ın daha radikal tələblərinə cavab verə bilmədi və təşkilatın liderləri körfəz ölkələrindən Suriyaya, oradan Tehrana qədər geniş coğrafiyada yelkənlər açdılar. Ancaq HƏMAS-ın 2006-cı ildə seçki yoluyla Qəzzada hakimiyyətə gəlməsini Ankara bir kənara xüsusi qeyd etdi.

31 may 2010-cu ildə “Mavi Marmara” gəmisinin Türkiyədən Qəzzaya yardım aparmasına İsrail təhlükəsizlik qüvvələri rəhmsizcə müdaxilə edincə 10 nəfərin ölümüylə nəticələnən bir faciə yaşansa da, Türkiyə yenə ümidini itirmədən səbrlə istədiyi günün gələcəyini gözlədi. 7 oktyabrda HƏMAS-ın qəfil hücumu bölgədəki tarazlıqları alt-üst edərkən İsrail ordusundakı bir çox nöqsanı da gün işığına çıxardı. Yaranmış vəziyyəti eninə-uzununa təhlil edən Ankara təmkinini qorumaqla yanaşı, dövlət başçısı Ərdoğan və xarici işlər naziri Fidan günaşırı da olsa həm vəziyyətə münasibət bildirdilər, həm də konkret təkliflər irəli sürdülər.

Oktyabrın 28-də iqtidar partiyasının İstanbul vilayət təşkilatı şəhərin Avropa qitəsindəki ən geniş boş ərazi olan keçmiş Atatürk adına aerportda mitinq keçiriləcəyini açıqlayanda cənab Ərdoğanın o mitinqdən hazırda siyasi islamın dünya miqyasındakı ən güclü lideri kimi maksimum məharətlə istifadə edəcəyini prosesləri izləyən hər kəs çox yaxşı bilirdi. Mitinqdən 2 gün əvvəl HƏMAS-ı terror təşkilatı hesab etmədiyini açıqlayan cənab Ərdoğan 28 oktyabrda “təşkilat” kəlməsini birbaşa İsrailin kürəyinə yapışdırmaqla qalmayıb yəhudi dövlətini “savaş suçlusu” elan edəcəklərini hayqırdı. Türkiyə dövlət başçısını bu qədər kəskin danışmağa sövq edən faktorların başında ilk növbədə, dünya ictimaiyyətinin bir hissəsinin də İsrailə qarşı bu qədər kəskin reaksiya nümayiş etdirməsi gəlir.

İkinci faktor – Türkiyədə siyasi islamın hakimiyyətini qura bilmiş Ərdoğanın, məsələn, 10 il əvvələ görə özünü daha güclü hiss etməsidir.

Üçüncü faktor –“Müsəlman qardaşlar” cərəyanına özlərini çox yaxın hiss edən Fələstin və Türkiyə siyasi islamçılarının da bəlkə ilk dəfə bu qədər həmrəy olmalarıdır. Cənab Ərdoğanı bu qədər kəskin danışmaqdan çəkindirməyən digər faktor isə BMT Baş Assambleyasının Qəzzada atəşkəs barədə qəbul etdiyi qərar idi.

Bəli, əvvəlki illərdəki anlaşmazlıqlara rəğmən, AKP-nin və dövlət başçısı Ərdoğanın 7 oktyabrdan üzü bəri cərəyan edən proseslərdə HƏMAS-ı dəstəkləməməsi, Türkiyədə deyildiyi kimi, “əşyanın naturasına zidd olardı”. Və yarım əsrlik siyasi karyerində cənab Ərdoğan Fələstin məsələsində öz siyasi dünyagörüşünə bu qədər sadiq, İsrailə qarşı isə bu qədər kəskin davrandı (29 yanvar 2009-da Davosdakı “one minutes” kükrəməsi İsrail ilə Fələstin arasındakı konkret bir vuruşmaya qarşı etiraz olmayıb ümumi xarakter daşıdığına görə Türkiyə dövlət başçısının 28 oktyabr hayqırışlarıyla müqayisə edilə bilməz). Bəli, 7 oktyabr hücumu və o hücuma İsrailin verdiyi reaksiya biri “Müsəlman qardaşlar”ın qucağından çıxmış (HƏMAS), o biri isə “Müsəlman qardaşlar”ı özünün siyasi ideya ustadı sayan (AKP) iki fərqli coğrafiyadakı iki qurumu bu qədər yaxınlaşdıra bildi.

Cənab Ərdoğanın (şübhəsiz ki, arxasında Türkiyə Cümhuriyyətinin dövlət qurumları durur və qərarlar o qurumların ciddi təhlillərindən sonra qəbul edilir) İsrail ilə körpüləri bu şəraitdə yandırmasından başqa yol izləməsi siyasi islam fəlsəfəsiylə əsla uyğun gəlməyən bir durumu ortaya çıxaracaq və hamıdan əvvəl Türkiyə dövlət başçısının özü bundan narahat olacaqdı. Ona görə 28 oktyabrda kartlarını tamamilə açıq oynayan Türkiyə dövlət başçısı həm “Müsəlman qardaşlar”la daha çox bütövləşə bilib, həm də siyasi islamın dünya miqyasındakı lideri rolunu gücləndirmək üçün öz xanəsinə bir neçə bal əlavə edib.

Ona görə İsrailin Qəzzaya təşkil etməyi planlaşdırdığı quru əməliyyatının bundan sonrakı gedişatında Türkiyəni daha yaxından izləmək lazım gələcək.(Turan)

Bənzər yazılar

Back to top button