Hadisə

Əməkdar jurnalist vəfat etdi

Lerik rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar jurnalist Həmzə Vəliməmmədov vəfat edib.

AzToday.az report-a istinadən verdiyi məlumata görə, Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olub. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedaqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan “Bolluq uğrunda” (indiki “Lerik”) qəzetində şöbə müdiri işləyib. 1970-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin Jurnalistika şöbəsində təhsilini davam etdirib.

Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışıb. Rayon ağsaqqallar şurasının sədri olub.

Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilib, radioda səsləndirilib. 1983-cü ildə “Qızıl qələm” mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Təcrübəli jurnalistin 2010-cu və 2011-ci illərdə “İllərdən qalan izlər”, “Şərəflə yaşanmış ömür” və “Elin unudulmaz oğlu” kitabları çapdan çıxıb. 10 övlad atası, 17 nəvə babasıdır.

Qeyd edək ki, H.Vəliməmmədovun övladları dövlət qulluğunda məsul vəzifələrdə çalışır. O, Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın atasıdır.

Mərhumun dəfn mərasiminə hazırlıq görülür.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Back to top button