CəmiyyətGündəm

Buzovna qəsəbəsinin sakinləri prezidentdən çimərliyi qanunsuz işğalçılardan azad etməyi xahiş edirlər

Buzovna qəsəbəsinin bir qrup sakini könüllü iməcilik keçirib, qəsəbə çimərliyini məişət tullantılarından təmizləyib. Zibili toplayıblar, amma tullantıların çıxarılması üçün yük maşını çimərliyə gələ bilmir, çünki dənizə gedən yollar sahil zolağını zəbt edən özbaşına tikinti aparanlar tərəfindən bağlanıb.

Bununla əlaqədar sakinlər prezident İlham Əliyevə videomüraciətlə müraciət ediblər. Onlar tələb edirlər ki, dövlət öz qanunlarını yerinə yetirsin, sahillərin qanunsuz tikililərdən azad etməyə nail olsun. Sakinlər həmçinin yaşayış sektorundan və sahil restoranlarından məişət sularının və kommunal tullantıların atılmasının dayandırılmasını tələb edirlər.

“Siz iki il bundan öncə Şuşa şəhərinin işğaldan azad olunduğunu göz yaşları içində xalqa elan etdiniz. Biz ümid edirik ki, cənab prezident, siz Buzovna sahillərini də işğalçılardan azad edəcəksiniz”, – bu sözlərlə sakinlər prezident Əliyevə müraciət ediblər.

Buzovna qəsəbə sakinlərinin müraciətinin videoyazısı vəkil Aslan İsmayılovun sosial səhifəsində və Youtube-da yerləşdirilib.

Şəhərsalma norma və qaydaları dəniz kənarından 20-50 metr enində sahil zolağında tikinti işlərinin aparılmasını qadağan edir. “Yerin təki haqqında qanun” isə tullantıların Xəzər dənizinə və digər su obyektlərinə atılmasını qadağan edir.

Əlavə edək ki, 2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları Xəzər dənizi sahilinin 20-50 metrlik mühafizə zolağının ərazisindən istifadə ilə bağlı monitorinq aparıblar. Monitorinq paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarında, həmçinin Sumqayıt şəhərində 190 torpaq sahəsi istifadəçisini əhatə edib.

Reyd nəticəsində 50 halda qanunvericiliyi pozan şəxslər inzibati qaydada cərimələnib. Xəzər rayonunda dövlətə məxsus mühafizə zonasında müxtəlif şəxslərin qanunsuz tikintilə məşğul olması aşkar edilib. Dövlət torpağının bəzi qorunan sahələri hasarlanın və qanunsuz mənimsənilib.

Monitorinq zamanı belə sahələrdə qanunsuz tikinti dayandırılıb. Sadalanan rayonların İcra hakimiyyətlərinə bəzi torpaq istifadəçilərinin sənədlərinin alınmasına yardım göstərilməsi xahişilə müraciət ünvanlanıb. Belə ki, onlar monitorinq zamanı həmin sənədləri Dövlət Komitəsinin əməkdaşlarına təqdim etməkdən imtina ediblər. Həmin şəxslər cərimələnib, dövlətə məxsus sahələrin zəbt edilməsi faktları üzrə Azərbaycanın Daxili İşlər Nazirliyinə müraciət göndərilib. Sumqayıtdan Novxanıya qədər mühafizə zonasında qanunsuz tikililərin sökülməsi üçün 30 bildiriş, həmçinin məhkəməyə 23 müraciət göndərilib. Məhkəməyə iki müraciət təmin olunub, 12 üzrə ekspertiza təyin edilib.

Lakin məlum olur ki, bu tədbirlər ictimai çimərliklərin zəbt olunmasını qadağan edən qanunların icrasına gətirib çıxarmayıb.

Xəzər Rayon İcra Hakimiyyətindən Turan-ın zənginə cavab olaraq üçün bildiriblər ki, sakinlərə kömək ediblər, yük maşını dənizə yaxınlaşıb və sakinlərin topladığı zibili daşıyıb.

Lakin vətəndaşların prezidentə müraciətində dənizə tullantıların atılmasını və sahil zolağının zəbt edilməsini qadağan edən qanunun yerinə yetirilməsi barədə tələb var. Xəzər Rayon İcra Hakimiyyətindən məsələni araşdırıb nəticə barədə məlumat verəcəklərini vəd ediblər.

Bənzər yazılar

Back to top button