Hadisə

Xaçmaz rayonunun “hərbi komissarı” rüşvət almaq ittihamı ilə həbs edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayevə qarşı 5 min manat məbləğində rüşvət almaq ittihamı irəli sürülüb. Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

Məlumata görə, əməliyyat-istintaq tədbirlərilə çağırışçıların səhhətinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə kömək müqabilində Ağayevin 5000 manat (3 min dolarla yaxın) rüşvət aldığına dair əsaslı şübhələr müəyyən edilib.

Ağayevin xidməti otağında axtarış aparılıb və iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin və cinayətə aidiyyəti olan şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ağayev iyunun 4-də baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı saxlanılıb.

Rahim Ağayevin vəkilindən və nümayəndələrindən şərh almaq mümkün olmayıb. (Turan)

Bənzər yazılar

Back to top button