DünyaManşet

Pentaqon Ukrayna hərbiçilərinə təlim verir, Zelenskinin mövqeyini dəstəkləyir və rus neftinə qadağa qoyulmasını alqışlayır

Yüzlərlə Ukrayna hərbiçisi hazırda Qərbin artilleriya sistemlərindən, pilotsuz uçuş aparatlarından və radarlarından istifadə üzrə təlim keçir, bu barədə çərşənbə günü Pentaqonun yüksək vəzifəli nümayəndələri bildiriblər, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Təlim Avropanın bir neçə yerində keçirilir. Artıq bir qrup hərbiçi Switchblade pilotsuz uçuş aparatlarından istifadə üzrə təlim keçib.

220-dən çox ukraynalıya isə artıq Amerika artilleriyası, xüsusən 40 km-ə qədər məsafədəki hədəfləri məhv edən M777 haubitsası ilə iş təlimi verilib. Vəd edilmiş 90 haubitsa və onların 90 min gülləsi artıq Ukraynaya təhvil verilib, deyə Pentaqon nümayəndəsi bildirib.

Vaşinqton həmçinin prezident Zelenskinin Rusiya ilə münaqişənin dondurulmasının əleyhinə olduğu barədə son bəyanatını dəstəkləyib. “Biz münaqişəni dondurulması ilə razılaşmayacağıq. Mən prezident olduğum zaman Minsk-1 sazişi mövcud idi, daha sonra Minsk-2 sazişi bağlandı. Başqa sənədlər də olub, onlar da pozulub. Buna görə, deyə bilərəm ki, bütün bu sənədlər qeyri-ciddidir. Mən daha bir belə sənədə qarşıyam”, deyə Zelenski çərşənbə günü Wall Street Journal jurnalının rəhbərliyinə videomüraciətində bildirib.

Turan-ın müxbirinin Kiyevin mövqeyininVaşinqtonda böhrandan çıxış ilə bağlı ümumi əhval-ruhiyyəni əks etdirib-etdirməməsi haqqında sualına cavabda Dövlət Departamentinin nümayəndəsi Ned Prays belə deyib:

“Ümumi fikir, faktiki olaraq isə yeganə fikir ondan ibarətdir ki, Ukraynalı tərəfdaşlarımız nail olmaq istədikləri son hədəfi müəyyən etməlidirlər. Onlar Rusiya ilə müzakirələrdə nəyə nail olmaq istədiklərini müəyyən etməlidirlər və xalqın iradəsinin nədən ibarət olduğunu müəyyən etməlidirlər. Bizim rolumuz bunda onları dəstəkləməkdən, təhlükəsizliyin təmin edilməsinə kömək edərək, habelə Rusiya Federasiyasını məsuliyyətə cəlb edərək,döyüş meydanında onları dəstəkləməkdən ibarətdir”.

Avropa İttifaqının Rusiya neftinin idxalına qadağa qoyulması haqqında təklifini Turan Agentliyinə şərh edən Ned Prays deyib ki, ABŞ bunu alqışlayır.

“Avropalı müttəfiqlərimizlə Rusiyanın bu əhəmiyyətli gəlir mənbəyini azaltmaq və kəsmək məsələsində həmrəyik”, deyə Prays bildirib.

Neftə qadağa qoyulmasının əleyhinə olan Macarıstanın mövqeyi haqqında suala cavabda Prays deyib ki, bu, Aİ-yə üzv dövlətlərin öz blokları çərçivəsində müzakirəsini davam etdirdikləri bir məsələdir.

“Amma müttəfiqlərimiz və tərəfdaşlarımız arasında Putini iqtisadi və hərbi gücdən məhrum etməklə bağlı geniş konsensus var”, deyə o əlavə edib.

Bənzər yazılar

Back to top button