Hadisə

“Gördüm ki, dözə bilmirəm, dedim, endirin, nə istəyirsiz, eləyirəm”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı bir ildir məhkəmə araşdırmaları davam edir. Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

AzToday.az Meydan TV-yə istinadla xəbər verir ki, azyaşlının ölümündə ittiham olunan İlkin Süleymanov mayın 4-də məhkəmədə ifadəsində danışıb ki, işgəncə altında bu cinayəti üzərinə götürməyə məcbur olub, əslində isə Nərminin oğurlanmasının, öldürülməsinin ona heç bir aidiyyəti yoxdur.

İlkin Süleymanov bildirib ki, Dondar Quşçu kəndində yaşlı valideynlərilə birlikdə yaşayıb. 2019-cu il oktyabrın 12-də atası insult keçirdiyinə görə kənddə yaşayan bacısı İlhamə Süleymanova o vaxtdan daimi onlara gəlib, atasına qulluq edirdi. Həmin müddətdə, yaxud da bacısı Bakıya – övladlarının yanına gəldiyi vaxtlarda onun kənddəki evində gedib qalırdı:

“Bacımın ev təsərrüfatı var – toyuq-cücəni hinə salmaq lazım olur və s. Axşamlar gedirdim, səhər saat 10 radələrində gəlirdim”.

İlkin Süleymanov deyir ki, Nərmini oğurladığı iddia olunan gün – 2019-cu il noyabrın 21-də də o, bacısı İlhamənin evində qalıb:

“Bacım Şərif Quliyevin qardaşı Arifgilin qonşusudur. Noyabrın 21-də axşam bacımgildə qalmışdım. Noyabrın 22-də səhər bacımgildən gələndə gördüm ki, Arifgilin qapısında polis maşınları var. Yolda da xeyli polislər vardı. Maraqlanmadım ki, nə məsələdi. Sonradan anam evdə dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı Nərmin itkin düşüb. Mən o vaxta qədər nə Şərifin ortancıl qızını tanıyırdım, nə də adının Nərmin olduğunu bilirdim. Bircə böyük qızı Şəbnəmi tanıyırdım. 3-4 gün sonra küçədə Şərifi gördüm, uşağı soruşdum, dedi ki, xəbər yoxdur. Soruşdu ki, sən bilərsən, peyklə adamı izləyib, tapmaq olur? Dedim, mən bilən, yox, amma mobil telefonla izləmək olur. Şərif dedi ki, qadınlar fala baxdırıb, deyiblər, qonşu kənddədir”.

İttihamda yazılıb ki, İlkin Süleymanov 47 gün ərzində Nərmini yaşadıqları evdə gizli saxlayıb. Lakin o deyir ki, yalandır, bu müddətdə dəfələrlə Gəncəyə, Şəmkirə, Tovuzun müxtəlif kəndlərinə toy, yas mərasimlərinə gedib, saatlarla evdə olmayıb. Bu müddətdə uşaq tək qalıbsa, niyə səsini çıxarmayıb, niyə qaçmağa cəhd göstərməyib?

İlkin Süleymanov 2020-ci il yanvarın 6-da evlərinin qarşısındakı dərəyə yaxın ərazidə yanmış meyiti necə görməsi haqda da ətraflı danışıb. O bildirib ki, valideynləri siqaret çəkməsini görməsin deyə, adətən siqaret çəkəndə küçəyə çıxırmış. Həmin vaxt da siqaret çəkmək üçün çıxıb və darvaza ilə üzbəüzdə, qonşu Nazim Vəliyevin hasarının bu üzündəki ərazidə yanğın görüb:

“Ora adamlar adətən zibil atırdılar. Bir müddət əvvəl orada zibil yanğını o qədər qalxmışdı ki, meyvə, qoz ağacları yanmışdı. Aralarında bizim də ağaclar vardı. Qorxdum ki, yenə ağaclara ziyan dəyər. Tez qaçdım yanğına tərəf. Baxanda adam ayağı, ayaqqabı gördüm. Ora ən yaxın Nazim dayıgil idi, ona görə onlara qaçdım, qapını döymədən içəri girdim. Dedim, deyəsən, adam yanır. Gəldi, dedi, nə bu, tez, Muradı çağır. Əmim oğlu Murad onda polisdə işləyirdi. Zəng elədim, evdə idi, gəldi, tez harasa zəng elədi, “komandir, komandir” deyirdi. Orada böyük ayaq izləri var idi. Ona görə Nazim dayıya dedim ki, fikir ver, oraları ayaqlama. Araba təkərinin də izi vardı. Polislər gəldilər…”

İlkin Süleymanovun sözlərinə görə, elə həmin gün – 6 yanvar 2020-ci ildə onu Tovuz Rayon Polis Şöbəsinə aparıblar. Dörd gün ərzində şöbədə müxtəlif formada psixoloji və fiziki təzyiqlərə məruz qaldığını deyən təqsirləndirilən şəxs ona təzyiq göstərən vəzifəli şəxslərin də adlarını çəkib: Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat, və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi), Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov (hazırda təqaüddə), onun müavini Şahlar Cəfərov (hazırda Yevlaxda eyni vəzifədə), Tovuz rayon prokuroru Elçin Qəhrəmanov (bir neçə gün öncə işdən çıxarılıb).

“Elçin Qəhrəmanov mənə deyir ki, sən hər yanğın görəndə gedib nəzarət edirsən? Deyirəm, xeyr. Deyir, Novruz bayramında tonqaldan tullanmırsan? Dedim, mənim tonqaldan tullanmaq yaşım keçib. Məni bir otağa apardılar, əlimi stula bağladılar, səhərə qədər elə saxladılar”, – İlkin Süleymanov bildirib.

Onun sözlərinə görə, iki gün psixoloji təzyiqlərdən sonra yanvarın 8-də Baş Prokurorluğun müstəntiqi Nadir Mirzəyev ondan şahid qismində ifadə alıb. Həmin vaxt onun fotosunu da çəkiblər:

“Çox maraqlıdır ki, mənim işimin məhkəməyə göndərilməsi haqda xəbəri telekanallarda yayanda həmin gün çəkilmiş fotomu göstərdilər. Halbuki, o gün əynimdə olan köynəyimi protokolla götürmüşdülər. Maraqlıdır, o fotonun çəkilməsi hansı məqsədi daşıyırdı? Kim çəkmişdi o fotonu, hansı məqsədlə çəkilmişdi? Bəs deyirlər, guya məni yanvarın 10-da saxlayıblar? Yanvarın 8-də protokollaşdırılıb götürülmüş köynəklə çəkilən fotonu necə verirlər efirə?”

İlkin Süleymanov general Kamal Qılıcovla aralarındakı söhbətlərdən, polis şöbəsində əllərinin ayaqlarına qandallanıb, şöbədə gəzməyə məcbur edilməsindən də danışıb. Onun sözlərinə görə, işgəncələrin pis həddi yanvarın 9-da olub:

“Əllərimi ayaqlarımın arxasına pərçim edib, aşağı əyilmiş vəziyyətdə gəzməyə məcbur edirdilər. O vəziyyətdə dayanmaq çox ağır idi. Kamal Qılıcov mənə dedi ki, səndə psixi xəstəlik, yaddaşsızlıq varmı? Dedim, yox. Mənimlə davranışlarından artıq anlayırdım ki, məni dəli kimi qələmə verib, bu cinayəti üstümə qoymaq planları var. Xahiş elədim ki, evdəkilərlə əlaqə saxlamağıma imkan versinlər. Rəis dedi ki, evinizdəkiləri qoruyan bizik. Biz olmasaq, evinizdəkiləri bilirsən neyləyərlər? Mənim çöldən xəbərim yox idi. Məni yenidən zirzəmiyə endirib, radiatora bağladılar. Gecə serjant gəlib açdı, hər iki əlimi qandallayıb, dizüstə yerdə irəli-geri sürünməyə məcbur elədi. Mənə nə qədər əziyyət verəndən sonra qaldırdı rəis müavini Şahlar Cəfərovun otağına. Elə qandallı vəziyyətdə uzatdılar yerə. Şahlar Cəfərov dəyənəklə ayaqlarımın altına vururdu. Corablarımı çıxartdılar, ayaqlarımı isladıb, altına vururdular. Bir nəfər də başıma vururdu. Başıma qazan, ya vedrə keçirdilər, üstündən dəyənəklə vururdular. Dəhşətli idi. Həssas yerlərimə elektroşok verirdilər. Gördüm ki, dözə bilmirəm. Dedim ki, nə olar, endirin, nə istəyirsiz, eləyirəm. Şahlar Cəfərov gəlib dedi ki, başa düşmürsən ki, bizimlə oyun olmur? Gətirdilər, ayağıma corab, ayaqqabı geyindirmək istədilər. Ayaqlarım şişmişdi. Geyinə bilmədim. Tərlik geyindirdilər, müstəntiqin yanına apardılar. Müstəntiq rəisin otağının qarşısında qanıqara vəziyyətdə dayanmışdı…”

İlkin Süleymanov ifadəsini mayın 11-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.

Xatırlatma

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Bənzər yazılar

Back to top button