İqtisadiyyat

AÇG yatağında neft hasilatı sürətlə azalır… – Son 11 ilin statistikası

2022-ci ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 39 milyon barel (5 milyon ton) və ya gündə orta hesabla 434 min barel neft hasil edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə neft hasilat 11,3% və ya 5 milyon barel az olub.

Gündəlik hasilat – “Çıraq” plantformasında 25 min, “Mərkəzi Azəri”də 106 min, “Qərbi Azəri”də 112 min, “Şərqi Azəri”də 70 min, “Dərinsulu Günəşli”də 79 min və “Qərbi Çıraq”da 42 min barel olub. Əvvəlki illə müqayisədə istisnasız olaraq bütün platformalarda gündəlik neft hasilatı aşağı düşüb.

2022-ci ilin ilk rübündə AÇG-də ümumilikdə 137 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 4 ədəd artıb, qaz və su injektor quyularının sayı isə dəyişməz qalıb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator – 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), “Equinor” (keçmiş “Statoil”) (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.

Son 11 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:

İllər Hasilat
(milyon barel)
Quyuların sayı
(ədəd)
1-ci rüb 2012 64,8 90
1-ci rüb 2013 59,6 94
1-ci rüb 2014 58 104
1-ci rüb 2015 59 124
1-ci rüb 2016 59 136
1-ci rüb 2017 52 155
1-ci rüb 2018 54 170
1-ci rüb 2019 52 168
1-ci rüb 2020 48 178
1-ci rüb 2021 44 178
1-ci rüb 2022 39 182

Bənzər yazılar

Back to top button