Hadisə

Kərəm Həsənovun bacısı qızının məhkəmədə dindirilməsi tələb edilir – Təfərrüat

Prezident İlham Əliyevin köməkçisi, uzun illər Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik etmiş Kərəm Həsənovun bacısı Rəna Ağarzayevanın fala baxdırmaq, cadu elətdirmək adıyla 2 milyon manat pul verməsi iddiasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Falçılıq edib, Rəna Ağarzayevadan 2 milyon manat almaqda ittiham olunan Şəfəq İsmiyeva 10 il, onunla nikahda qeyri-rəsmi yaşamış Ceyhun Zeynallı isə 11 il azadlıqdan məhrum edilsələr də, indi bu işi Bakı Apelyasiya Məhkəməsində araşdırılır. Şəfəq İsmiyeva və Ceyhun Zeynallı hökmdən narazı qalaraq, apelyasiya şikayəti verib.

İttihamda bəhs olunan bütün hadisələr Rəna Ağarzayevanın ətrafında cərəyan edir. Yəni falçıya pulu onun verdiyi iddia olunur. Lakin zərərçəkmiş qismində onun həyat yoldaşı Sənan Ağarzayev tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxın davam edən məhkəmə prosesində onların hər ikisi iştirak edirdi.

Apelyasiya məhkəməsində məlum olub ki, Ağarzayevlər ailəsi özünə vəkil tutub. Onların hüquqlarını məhkəmədə özlərilə yanaşı, həm də vəkil Zaur İbadov təmsil edəcək. Ceyhun Zeynallı buna etiraz edib. O bildirib ki, tutulduğu ilk günlərdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində məhz bu vəkili ona müdafiəçi təyin etmişdilər. Ailə üzvlərinin müqavilə bağlayıb tutduğu vəkili onun yanına buraxmadıqları halda, bu vəkili məcburən onun işinə müdafiəçi kimi buraxmışdılar. Eyni vəkil bir işdə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin müdafiəçisi ola bilməz.

Lakin Cavid Hüseynin sədrlik etdiyi hakimlər kollegiyası buna əhəmiyyət verməyib və məhkəmə prosesini davam etdirib.

Təqsirləndirilən Ceyhun Zeynallının vəkili vəsatət qaldırıb ki, zərərçəkmişin qızı Fəxrimə Ağarzayeva məhkəmədə şahid kimi dindirilsin. Çünki anasının Şəfəq İsmiyeva ilə fala baxma söhbətləri, pul vermələr və s. onun yanında baş verib. Fəxrimə Ağarzayeva da həmin söhbətlərdən, verilən məbləğlərdən xəbərdardır.

Ağarzayevlər qızlarının məhkəməyə gəlməsinə etiraz edib. Məhkəmə də prezidentin köməkçisinin bacısı qızının məhkəmədə dindirilməsi haqda vəsatəti təmin etməyib.

Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə araşdırmalar davam edir.

Şəfəq İsmiyeva və Ceyhun Zeynallıya qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İttihama əsasən, Şəfəq İsmiyeva “İnstagram”da səhifə açıb, özünü “Maya” adlı falçı kimi təqdim edib. O, Rəna Ağarzayevanı da fala baxmaq, qızını onun istədiyi adama ərə verməyə kömək etmək və s. adlarla aldadıb, 2 milyon manata yaxın pulunu ələ keçirib, Ceyhun Zeynallı ilə bölməkdə təqsirləndirilir.

Şəfəq İsmiyeva ilkin izahatında Rəna Ağarzayevanı təkbaşına aldadıb, ondan pulları aldığını desə də, sonradan ifadəsini dəyişib. O bildirib ki, qeyri-rəsmi şəkildə birlikdə yaşadığı Ceyhun Zeynallı ilə birlikdə törədib. O iddia edir ki, alınan məbləğlərin böyük hissəsini də Ceyhuna verib. Onun sözlərinə görə, hətta pulun alınması üçün də dəfələrlə birlikdə gediblər.

Ceyhun Zeynallı isə özünü təqsirli bilmir, Şəfəq İsmiyevanın ona böhtan atdığını bildirir. Onun sözlərinə görə, Şəfəq İsmiyeva ona bir neçə dəfə pul versə də, həmin vəsaitlərin bu yolla əldə etdiyini deməyib. Ceyhun Zeynallı bildirib ki, Şəfəq “WesternUnion” vasitəsilə xaricə dəfələrlə böyük məbləğdə pul göndərib. Əgər məhkəmə banklara sorğu verilsə, nə qədər pul göndərdiyi aydın olar.

Ceyhun Zeynallı deyir ki, Rəna Ağarzayeva ilə nə telefon danışığı olub, nə də görüşüb. Onun adını ilk dəfə istintaqda eşidib, özünü də məhkəmədə görüb. Falçılıq, dələduzluq kimi əməllərdən uzaq olduğunu bildirən Ceyhun Zeynallının sözlərinə görə, bir müddət qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Şəfəq İsmiyevanın da bu cür işlərlə məşğul olduğunu bilməyib:

“Düzdür, o adamla ünsiyyətim olub. Amma bu, cinayət deyil, əxlaq normalarından kənar hərəkətdir, mənim səhvimdir. Mən nə ona yardım eləmişəm, nə falçılıqla məşğul olmuşam, nə də dələduzluq etmişəm”.

Ceyhun Zeynallı əlavə edib ki, Şəfəq İsmiyeva onu qurban verməklə özünü xilas etməyə çalışır.

Ceyhun Zeynallının ailə üzvləri hesab edir ki, birinci instansiya məhkəməsi sifarişlə hökm çıxarıb:

“Sifarişçi də Kərəm Həsənov idi. Onun sifarişiylə günahsız adama 11 il verdilər. Soruşan olmadı ki, 2 milyonu falçıya verənə bu pul hardan idi?”

Hökmdən bir müddət əvvəl Ağarzayevlərlə Şəfəq İsmiyeva arasında ayda 10 min manat ödəmək öhdəliyinə dair razılaşma imzalanıb. (meydan.tv)

Bənzər yazılar

Back to top button