Dünya

“Rusiya – Ukrayna müharibəsinin üçüncü mərhələsi yaxınlaşır”

Rusiya əvvəlki iki uğursuz cəhdlərinə baxmayaraq, genişmiqyaslı müharibənin üçüncü mərhələsinə başlamağa hazırlaşır. Moskva ümumi səfərbərlik və bir neçə istiqamətdə yenidən hücuma cəhd edə bilər. Bunu PLATFORM4.NEWS -a şərhində Ukraynada yaşayan həmyerlimiz “Analitik və İnformasiya Platforması” təşkilatın sədri, politoloq Qulu İbrahimov deyib.

“Ruslar bütün səylərini Ukraynanın Donbassdakı qoşunlarını mühasirəyə almağa yönəldib. İşğalçılar ORDLO (“LXR”-“DXR”) tərəfdən irəliləməyə çalışırlar, digər istiqamətlərdə isə atəş açır və ancaq irəliləyə bilmirlər. İzyum istiqamətində güclü rus qruplaşması var, lakin Ukrayna qoşunları onun qarşısını alırlar”, – deyə Q. İbrahimov bildirib.

“İşğalçılar müharibənin üçüncü mərhələsinə hazırlaşırlar. Birinci mərhələ Ukraynanın Şimalına hücum idi. Bu, uğursuz oldu. İkinci mərhələ hələ də davam edir. Bu, Donbasdakı Ukrayna qoşunlarını mühasirəyə almaq və Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini nəzarətə götürmək cəhdidir və sonra isə hücumu davam etdirməkdən ibarətdir. Bu mərhələ də uğursuz oldu.

İndi isə üçüncü mərhələ gözlənilir – bu, müharibə elan etmək və yenidən genişmiqyaslı hücuma başlamaq üçün səfərbərlik ehtimalıdır, lakin onların buna şansı sıfıra bərabərdir. Əgər onlar mayın 9-da səfərbərliyə başlasalar, o zaman bu qruplaşmanı toplamaq üçün ay yarım vaxt lazım olacaq. Ukrayna buna hazırlaşır. Ukraynaya böyük miqdarda müasir silahlar gətirilir”, politoloq qeyd edib.
“Ruslar Ukraynaya gətirilən silahların qarşısını almaq üçün dəmir yolu əlaqələrini pozmağa çalışırlar. Amma düşünürəm ki, bu cəhtdə uğursuz olacaq. Çünki dəmir yolu şəbəkəsi yüksək səviyyədə inkişaf edib. Onu tamamilə məhv etmək mümkün deyil” deyə Q. İbrahimov əlavə edib.

Bənzər yazılar

Back to top button