Hadisə

“Dedim ölkəyə “Oscar” mükafatı da gəlsə, rüsum alacaqsınız? Deyir ki, hə…” – Açıqlama

Azərbaycanda fəaliyyət göstərən reklam agentliklərindən birinin rəhbəri Orxan Kərimov beynəlxalq müsabiqədə qazandığı mükafata görə Gömrükdə problemlər yaşadığını bildirib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O.Kərimovun sözlərinə görə, şirkət adına gəlmiş 10 mükafatı almaq üçün Bakı Karqo Terminalına gedib:

“Natiq müəllim (Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi – red.) demişdi ki, yaxınlaşın və 20 dəqiqəyə işiniz həll olacaq. Öncəliklə onu qeyd edim ki, bu mümkün deyil.

Sabahın erkən saatlarından burdayam. Qeydiyyatdan keçirsiniz. Şirkət adına gəlibsə, şirkət sahibi siz deyilsinizsə, mütləq şirkət VÖEN-i yanınızda olmalıdır. Fotosu, surəti qəbul edilmir. Öncə anbara yaxınlaşırsınız, orda sizinlə birlikdə qutunu açırlar, “mükafat, həqiqətən, qızıldandır?” sualını verirlər. Sonra “dəmir qapı” dedikləri yerə yaxınlaşırsınız. Gömrükçü dialoqlar sonrası mənə dedi ki, siz ancaq iki mükafatı ala bilərsiniz, geri qalanı üçün rüsum ödəməlisiniz. Dedim ölkəyə “Oscar” mükafatı da gəlsə, belə edəcəksiniz? Gülərək deyir ki, hə”.

O qeyd edib ki, bəyənnamə üçün 40, rüsum üçün 115, mükafatların anbarda qalması üçün də 31 manat ödəniş edib:

“Guya minimum 20 dəqiqə çəkir, 1 saat 15 dəqiqədir burdayam. Bununla bitmir 4 saat daha gözləyəcəm ki, bəyənnaməmi kimsə sistemdə təsdiqləsin”.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Yeniavaz.com-a açıqlama verib.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinin müddəalarına uyğun olaraq fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Eyni zamanda qeyd edirik ki, bu Qaydaların müddəalarında nəzərdə tutulan güzəştlər yalnız fiziki şəxslərə şamil olunur.
Əlavə olaraq bildiririk ki, hüquqi şəxsin ünvanına beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə malların gətirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə tənzimlənir. Gömrük məqsədləri üçün lazım olan sənədlər və məlumatlar, o cümlədən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə təqdim olunan sənədlər həmin Qaydaların 2-ci bəndində öz əksini tapmışdır”, – açıqlamada bildirilib.

Qeyd edək ki, O. Kərimov növbəti paylaşımında mükafatı gömrükdən götürə bildiyini yazıb.

Bənzər yazılar

Back to top button