Siyasət

800-ə yaxın ziyalı Bakı merinə müraciət etdi: Tutduğunuz vəzifə icabı olaraq…

Bakı şəhərində reklam və elanlarda, həmçinin ticarət və iaşə obyektlərinin adlarında Azərbaycan dilindən istifadədə yol verilən səhvlərə, eyni zamanda əcnəbi sözlərdən istifadəyə üstünlük verilməsinə etiraz edən 800-ə yaxın ziyalı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli Eldar müəllim!

İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Bu Qanunun tələblərinə əməl edilməməsi cəmiyyətdə məyusluq doğurub.

Bu yaxınlarda yeni yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində monitorinq keçirib. Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də (!) Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib. Çoz təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir.

Bəli, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb. Yad dillərdə yazılmış, insanların narazılığına səbəb olan, əsəbləri tarıma çəkən reklamlar, plakatlar, lövhələr doğma paytaxtımızda baş alıb getməkdədir. Milli müstəqilliyimizin olmadığı sovet dövründə belə şəhərimizdə indikindən fərqli olaraq rusca yazılarla yanaşı, Azərbaycan dilində yazılanlara geniş yer verilirdi.

Hörmətli Eldar müəllim!

Sizin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğunuz zaman Bakının dil mənzərəsi ilə bağlı xoşagəlməz bir mirasla üzləşdiyinizi bilirik. Amma qeyd etdiyimiz bütün bu qanun pozuntularını aradan qaldırmaq da Sizin səlahiyyətinizdə və öhdənizdədir. Çünki Siz Bakı küçələrində “Azərbaycanda dövlət dili haqqında” qanuna riayət edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyətinin rəhbərisiniz.

Hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.

Göründüyü kimi, bu Fərmana məhəl qoyulmur. Əcnəbi dillərin təbliğatçılarına çevrilmiş obyektlərin sahibləri təkcə Prezident fərmanına deyil, dövlətin rəsmi Azərbaycançılıq ideologiyasına da etina etmirlər. Sizə bu müraciətimizlə əminliyimizi bildirmək istərdik ki, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi və tutduğunuz vəzifə icabı olaraq qaldırdığımız məsələyə ciddi yanaşacaq, Azərbaycan dövlətinin rəmzlərindən olan dövlət dili haqqında qanuna əməl edilməsi istiqamətində təxirsiz tədbirlər görəcəksiniz.

Strateq.az

Bənzər yazılar

Back to top button