Hadisə

“7500 manat yardım pulunun cəmi 100 manatını mənə verdilər”

Həbsdə olan keçmiş icra başçılarından Vilyam Hacıyev haqqında cinayət işində mənimsəmə epizodlarından bir qismi ciddi ehtiyac içində yaşayan, ağır xəstəlikdən əziyyət çəkən vətəndaşlara ayrılan maddi yardımların yeyintisilə bağlıdır. İttihama görə, ayrılan yardımın cüzi hissəsi vətəndaşa verilib, qalanı icra hakimiyyətindəki məsul şəxslər vasitəsilə icra başçısına çatıb. Mayın 6-da keçirilən məhkəmədə də bu məsələ ilə əlaqədar dindirmə olub. Vilyam Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.

AzToday.az Meydan TV-yə istinadla xəbər verir ki, məhkəmədə şahid qismində dindirilən Məhəmməd Qasımov bildirib ki, yardımdan ötrü İmişli Rayon İcra Hakimiyyətinə müraciət edib. Ona müsbət cavab verilib. Bankda hesabına 7500 manat köçürülsə də, son nəticədə ona cəmi 100 manat pul qalıb.

“Evdə xəstəmiz var idi, onun müalicəsi üçün pula ehtiyacımız vardı. İmkan çatmırdı. Yardım üçün müraciət elədim. Hesabıma 7500 manat pul köçürüldü. Bankdan çıxan kimi bir nəfər icra hakimiyyətinin işçisi gəldi, pulun hamısını məndən aldı. Mənə cəmi 100 manat pul qaytardı”, – Məhəmməd Qasımov belə deyib.

Başqa bir şahid Faiq Qasımovun da adına maddi yardım köçürülüb. Onun atası ağır xəstə olub. Bu səbəbdən yardım üçün müraciət edib. Onun sözlərinə görə, 7000 manat yardım ayrılsa da, bunun 6700 manatı ondan alınıb. Faiq Qasımov məhkəmədə həmin vəsaiti ondan alan adamı şəxsən tanımadığını desə də, istintaqa ifadəsində pulu Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimova verdiyini söyləyib.

Məhkəmədə dindirilən daha bir şahid Fariz Əliyev deyir ki, əkinçiliklə məşğul olmaq məqsədilə 500 sot torpaq sahəsi ayrılması üçün İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayevə 80 min manat pul verib. İddia edir ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün də ondan 5 min manat pul alınıb.

Sabiq icra başçısının vəkili Elmar Kərimov vəsatət qaldırıb ki, məhkəmədə dindirilən və rüşvət verdiyi üzə çıxan şəxslərin hamısı haqqında qanuna uyğun tədbir görülsün.

Vilyam Hacıyevin işi üzrə məhkəmə prosesi mayın 13-də davam edəcək.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Bənzər yazılar

Back to top button